Qələbə yurduna qayıdış və Kəlbəcərin yenidən dirçəlişi
Bu gün Azərbaycanın dağlar diyarı Kəlbəcərin otuz ilə yaxın həsrətdən sonra yenidən öz sahiblərinə qovuşduğu gün kimi xatırlanır. 1993-cü ilin aprelində rayon işğal olunmuş, on minlərlə insan ata-baba yurdundan didərgin düşmüşdü. İşğaldan sonra beynəlxalq ictimaiyyət məsələni yalnız bəyanatlar səviyyəsində qaldırdı, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri isə illərlə kağız üzərində qaldı. Bu həqiqət bir daha göstərdi ki, haqq bəyan edilməklə yox, onu müdafiə edə bilən güclə təmin olunur.
Kəlbəcərin Vətən müharibəsindəki əhəmiyyəti coğrafi mövqeyindən qaynaqlanır. Ucqar dağ rayonu kimi görünsə də, o, Azərbaycanın şərqini qərbi ilə, Qarabağı isə Gəncə-Qazax bölgəsi və Naxçıvan istiqaməti ilə bağlayan strateji düyün nöqtəsində yerləşir. Rayonun ərazisi yüksək dağ silsilələri, dərin dərələr və keçilməz aşırımlarla zəngindir. İşğalçı tərəf bu relyefi öz müdafiəsinin əsas dayağı sayırdı və Kəlbəcəri əlçatmaz qala kimi təqdim edirdi. Rayonun azad olunması bu iddiaların boşluğunu ortaya qoydu və regionun hərbi-siyasi xəritəsini dəyişdi. Kəlbəcərin geri qaytarılması ilə həm Azərbaycanın şimal-qərb sərhədlərinin təhlükəsizliyi möhkəmləndi, həm də Laçın istiqaməti ilə yeni nəqliyyat əlaqələrinin yaradılması üçün zəmin formalaşdı. Azərbaycan dövləti bu ərazini yalnız itirilmiş torpaq kimi yox, gələcəyin inkişaf dəhlizlərindən biri kimi görürdü.
Bu nəticə təsadüfi deyildi. Onun arxasında illərlə aparılan ardıcıl siyasət, düşünülmüş hərbi quruculuq, dəqiq strateji və taktiki planlaşdırma dururdu. Azərbaycan ordusunun modernləşdirilməsi, müasir texnika ilə təchizatı, şəxsi heyətin peşəkar hazırlığı və döyüş ruhunun yüksəldilməsi uzun müddətli işin bəhrəsi idi. Siyasi sahədə isə Azərbaycan beynəlxalq hüququn tələblərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə dəfələrlə şans verdi, lakin qarşı tərəfin danışıqları uzatmaq və status-kvonu əbədiləşdirmək siyasəti bu cəhdləri nəticəsiz qoydu. 44 günlük müharibə səbirli diplomatiyanın tükəndiyi məqamda ədaləti bərpa etmək zərurətindən doğdu. Ali Baş Komandanın qətiyyətli rəhbərliyi altında aparılan əməliyyatlar cəbhənin müxtəlif istiqamətlərində eyni vaxtda irəliləməyə, düşmənin qüvvələrini dağıtmağa və ona nəfəs almaq imkanı verməməyə əsaslanırdı. Dağlıq ərazilərdə aparılan döyüşlərin çətinliyi nəzərə alındıqda Kəlbəcər istiqamətində hazırlanan plan xüsusi dəqiqlik və peşəkarlıq tələb edirdi. Müasir texnologiyaların tətbiqi ilə yanaşı, əsgər və zabitlərin fədakarlığı da qələbənin təməl daşına çevrildi.
Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanat müharibəni dayandırdı və işğal altında qalan rayonların qaytarılması üçün cədvəl müəyyənləşdirdi. Kəlbəcərin təhvili əvvəlcə noyabrın 15-nə nəzərdə tutulmuşdu, lakin erməni tərəfinin xahişi ilə müddət uzadıldı və rayon noyabrın 25-nə kimi boşaldıldı. Məhz bu dövrdə işğalçının əsl simasını görmək mümkün oldu. Yurdunu tərk etməli olan tərəf nə insanlığa, nə mədəniyyətə, nə də təbiətə hörmət göstərdi. Otuz il ərzində torpağı özününkü saymadığı üçün ona laqeyd yanaşan işğalçı çıxmazdan əvvəl evləri yandırdı, binaları sökdü, ağacları kəsdi və sadəcə məhv etmək üçün məhv etdi. Bu davranış ermənilərin Kəlbəcərdə heç vaxt sahib kimi deyil, müvəqqəti istifadəçi və talançı kimi qaldığını bir daha sübut etdi. Yandırılan evlərin tüstüsü dünyaya erməni vandalizminin real mənzərəsini göstərdi. Bu mənzərə illərlə səslənən saxta təbliğatın əsassızlığını da üzə çıxardı.
Dövlət Kəlbəcərin azad olunmasını qəhrəmanlıqla yanaşı, rəsmi tanınma və qiymətləndirmə ilə də əbədiləşdirdi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Bu medal sadəcə təltif nişanı deyil, torpaq uğrunda tökülən qanın, çəkilən zəhmətin və göstərilən igidliyin rəmzidir. Onu sinəsində daşıyan hər bir döyüşçü Vətənin bütövlüyü yolunda öz payını verdiyini bütün dünyaya göstərir. Medalın qısa müddətdə təsis edilməsi dövlətin qələbəni ciddi qəbul etdiyini və qəhrəmanlarını unutmadığını göstərir.
Kəlbəcərin ən məşhur sərvətlərindən biri “İstisu” Müalicə-İstirahət Kompleksidir. Dağların qoynunda yerləşən bu məkan həmişə təbii mineral bulaqları, təmiz havası və şəfalı suları ilə seçilib. Sovet dövründə Kəlbəcər-İstisu ölkənin ən nüfuzlu müalicə mərkəzlərindən sayılırdı və müxtəlif bölgələrdən minlərlə insan burada sağlamlığını bərpa etmək üçün gəlirdi. İşğal illərində bu məkan baxımsızlıq və talan səbəbindən böyük ziyan gördü, kompleksin infrastrukturu dağıdıldı. Azad olunduqdan sonra İstisu yenidən Azərbaycan turizm xəritəsində öz yerini tutmağa başladı. Müasir standartlara cavab verən yol, enerji və xidmət şəbəkəsi yaradıldıqca bu bölgənin ölkə daxilində və xaricdə yenidən sevimli istirahət məkanına çevriləcəyinə inam artır.
Azad olunmuş Kəlbəcərdə aparılan quruculuq işləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada tez-tez olması ilə də əyani şəkildə görünür. 2023-cü il mayın 27-də dövlət başçısı rayona səfər edərək Yanşaq və Zallar kəndlərinin təməlini qoydu. Həmin gün Qamışlı və Meydan kiçik su elektrik stansiyalarının açılışı oldu. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın yolunda görülən işlərlə tanışlıq aparıldı. Kəlbəcərdə hərbi hospital istifadəyə verildi, şəhərdə ilk yaşayış məhəlləsinin və məktəb binasının təməli qoyuldu. Bu addımlar ilk mərhələdə həyatın bərpası üçün zəruri olan enerji, nəqliyyat, səhiyyə, mənzil və təhsil sahələrini əhatə edirdi. Elə həmin gün azad torpaqda yeni həyatın əsası qoyuldu.
2025-ci il avqustun 21-də Kəlbəcərə növbəti səfər isə artıq sürətlə gedən quruculuğun nəticələrini göstərdi. Dövlət başçısı Toğanalı-Kəlbəcər-İstisu yolunda görülən işlərlə yenidən tanış oldu, şəhərdə 3-cü və 4-cü yaşayış komplekslərinin təməlini qoydu, şəhər parkının təməlqoyma mərasimində iştirak etdi. “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” açıldı, bu isə yerli iqtisadiyyatın və ənənəvi arıçılığın yenidən canlandığının göstəricisi idi. Ən təsirli məqamlardan biri şəhər sakinləri ilə görüş və onlara mənzillərin açarlarının təqdim edilməsi mərasimi oldu. Yurdundan illərlə uzaq qalmış insanlar nəhayət öz doğma torpaqlarında yeni evlərə sahib çıxdılar. Eyni gün “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyaları da istifadəyə verildi və Kəlbəcərin enerji potensialının güclənməsində yeni mərhələ başladı.
Beləliklə, noyabrın 25-i yalnız keçmişin acı xatirələrini deyil, həm də gələcəyə olan böyük inamı simvolizə edir. Kəlbəcərin azad edilməsi sübut etdi ki, ədalət gec də olsa özünü təsdiqləyir, xalqın iradəsi və birliyi isə ən çətin sınaqlarda belə uğur gətirir. Bu gün Kəlbəcərdə qurulan hər ev, çəkilən hər yol, işıq saçan hər elektrik stansiyası şəhid qanının boşa getmədiyini bildirir. Gələcək nəsillər bu torpağın necə qorunduğunu və bərpa edildiyini unutmayacaq. Kəlbəcər şəhəri günü isə hər il xalqımıza bu qədim yurdun əbədi Azərbaycan torpağı olduğunu xatırladacaq.
Nigar Hacızadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi