34 illik tarix: milli maraqlara sədaqət, dövlətə xidmət nümunəsi
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri
1992-ci il noyabrın 21-də Naxçıvanda toplanan təsis konfransı Azərbaycanın yeni dövr siyasi salnaməsində dönüş nöqtəsi oldu. Həmin gün qurulan Yeni Azərbaycan Partiyası sonradan ölkənin taleyinə birbaşa təsir göstərən siyasi qüvvəyə çevrildi. Bu tarixi siyasi hadisənin baş verdiyi dövrdə Respublika müstəqilliyini təzəcə qazanmışdı, torpaqların bir hissəsi erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi, iqtisadi əlaqələr qırılmış, idarəetmədə xaos yaranmışdı. Dövlət əsl liderə ehtiyac duyurdu. Heydər Əliyevin rəhbərlik etdiyi yeni siyasi təşkilat məhz bu ehtiyacın nəticəsində ictimai sifariş kimi meydana çıxdı. Ümummilli Lider partiyanın mahiyyətini bir cümləyə sığdırmışdı: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Keçən üç onillik bu fikrin doğruluğunu sübut etdi.
Konfransın əhəmiyyəti yalnız siyasi təşkilatın yaradılması ilə ölçülmürdü. Orada gələcək fəaliyyətin ideoloji çərçivəsi cızıldı: dövlət müstəqilliyinin qorunması, milli birliyin təmini, sosial ədalət və vətəndaşların rifahı prioritet kimi müəyyən edildi. Bu yanaşma sonrakı illərdə siyasətin əsas istiqamətini formalaşdırdı. Eyni zamanda, aydın proqramı və geniş üzv bazası olan partiyanın meydana çıxması ictimai-siyasi həyatda yeni standart yaratdı. İnsanlar şüarlarla deyil, konkret vəzifələri olan siyasi təşkilatla qarşılaşdı. Bu mənada təsis konfransı demokratik siyasi mədəniyyətin inkişafında yeni səhifə açdı və partiya fəaliyyətinin məsuliyyətə, ardıcıllığa və cəmiyyət qarşısında hesabatlılığa əsaslanmalı olduğunu göstərdi.
Sonrakı hadisələr seçilən yolun düzgünlüyünü təsdiqlədi. 1993-cü ildə xalqın israrlı tələbi ilə Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı və Azərbaycan daxili qarşıdurmanın yaratdığı parçalanma təhlükəsindən qurtuldu. Cəbhədə atəşkəs əldə olundu, dövlət institutları bərpa edildi, neft strategiyası həyata keçirildi və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bu proseslərdə partiya üzvlərinin gündəlik əməyi mühüm rol oynadı. Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında bunu açıq şəkildə qeyd etmişdi: “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi.” Dövlət başçısı həmin çıxışda partiya fəallarının zəhmətinə də yüksək qiymət vermişdi: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.” Bu fikirlər partiyanın yalnız siyasi təşkilat deyil, həm də dövlət quruculuğunun fəal iştirakçısı olduğunu göstərir.
YAP-ın ən güclü cəhətlərindən biri ideya varisliyidir. Dünya dəyişir, texnologiyalar yenilənir, çağırışlar mürəkkəbləşir, amma partiya təməl dəyərlərindən uzaqlaşmır. Prezident İlham Əliyevin təbirincə desək: “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.” Bu xətt dövlətçiliyə sədaqəti, milli maraqların hər şeydən üstün tutulmasını, iqtisadi müstəqilliyi və cəmiyyətdə həmrəyliyi nəzərdə tutur. Dəyişən yalnız yanaşma üsulları, idarəetmə alətləri və zamanın tələblərinə cavab verən yeni layihələrdir. Məhz bu balans partiyaya cəmiyyətdə sabit etibar qazandırıb.
Partiyanın inkişafında qurultaylar həmişə yeni mərhələnin başlanğıcı olub. VII qurultayda qəbul edilmiş qərarlar təşkilatın bundan sonrakı fəaliyyət planını müəyyənləşdirdi və uzunmüddətli hədəflərin sistemli şəkildə formalaşdırılmasına şərait yaratdı. Nəticədə partiyanın 11 strateji hədəfi təsdiqləndi: “Ulu Öndər Heydər Əliyev irsinin təbliği və təşviqi”, “Güclü iqtisadiyyat və davamlı inkişaf”, “İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı”, “Şəffaflığın artırılması”, “Vətəndaş cəmiyyətinin inkişafı”, “Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi”, “Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması”, “Vətəndaş həmrəyliyinin təminatı”, “Milli maraqlar və xarici siyasət”, “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış.” Siyahıya diqqətlə baxdıqda görünür ki, iqtisadiyyat, sosial sahə, mədəniyyət, müdafiə və xarici siyasət bir-birini tamamlayan vahid sistem təşkil edir. Heç bir istiqamət digərindən təcrid olunmayıb, hər biri ölkənin ümumi inkişaf modelinə xidmət edir.
Bu hədəflərin real nəticələri bu gün hər kəsin gözü qarşısındadır. İqtisadi potensialın artması, nəqliyyat və enerji layihələrinin reallaşması, ordunun müasir silah və təlim standartlarına uyğunlaşdırılması, azad edilmiş torpaqlarda quruculuq işləri onların praktik təsdiqidir. Ərazi bütövlüyünün bərpası isə otuz illik gözləntinin yekunu kimi tarixə yazıldı. Prezident İlham Əliyev VIII qurultaydakı nitqində bu məqamı xüsusi vurğulamışdı: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu cümlə sanki 1992-ci ildə Naxçıvanda atılan addımla bu günkü reallığı bir xətt üzərində birləşdirir: o zaman qoyulan təməl indi Qarabağda və Şərqi Zəngəzurda əldə olunan Qələbə ilə tamamlanıb.
Nəticə etibarilə, noyabrın 21-i təkcə partiya təqvimində deyil, ölkənin ümumi tarixində xüsusi yer tutan gündür. Naxçıvanda ifadə olunan fikirlər, seçilən prinsiplər və götürülən öhdəliklər sonrakı onilliklərdə dövlətin sabitliyinin, iqtisadi yüksəlişinin və hərbi-siyasi uğurunun əsasına çevrildi. Keçilmiş yol göstərir ki, dəqiq ideologiya, xalqla sıx əlaqə və liderə etimad olduqda hansı çətinlik olursa-olsun, onun öhdəsindən gəlmək mümkündür. Bu dəyərlər Azərbaycanın gələcək inkişafının da etibarlı dayağı olaraq qalacaqdır.