HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin ideoloji və tarixi əsasını təşkil edir

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin ideoloji və tarixi əsasını təşkil edir
Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçiliyimizin ideoloji və tarixi əsasını təşkil edir

 

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın dövlətçilik tarixində mühüm və qürurverici hadisədir. 28 May – Respublika Günü bu il Azərbaycan Xalq Cümhuriyyətinin 108-ci ildönümü kimi xalqımız tərəfindən böyük ehtiramla qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müasir Azərbaycan dövlətçiliyinin ideoloji, siyasi və hüquqi əsaslarını formalaşdırıb. Bu dövlət xalqımızın azadlıq, müstəqillik və milli suverenlik ideyasını Şərqdə ilk dəfə gerçəkləşdirən demokratik respublika kimi tarixə düşüb.

O dövrün son dərəcə mürəkkəb beynəlxalq və siyasi şəraitinə baxmayaraq, Azərbaycan ziyalıları və dövlət xadimləri böyük fədakarlıq göstərərək milli dövlətin əsaslarını yaratmağa nail olublar. Bu irs bu gün də xalqımızın milli kimliyinin və dövlətçilik ənənələrinin mühüm dayaqlarından biridir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində mühüm işlər görüb. Onun müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müasir dövrdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan müstəqilliyini daha da möhkəmləndirən, iqtisadi və siyasi baxımdan güclənən, beynəlxalq aləmdə nüfuzu artan bir dövlətə çevrilib.

2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu tarixi qələbələr dövlətimizin gücünü və xalqımızın birliyini nümayiş etdirib.

Bu gün Azərbaycan regionda sabitlik və inkişaf nümunəsi kimi çıxış edir, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Dövlətimizin bayrağı bütün suveren ərazilərimizdə, o cümlədən Şuşa və Xankəndidə qürurla dalğalanır.

Azərbaycan Xalq Cümhuriyyətinin idealları müasir dövlətimiz tərəfindən uğurla yaşadılır və inkişaf etdirilir. Azərbaycan güclü institusional əsaslara malik, regiondan qlobal müstəviyə doğru inamla irəliləyən müasir dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Ülvi Salmanov

YAP Abşeron Rayon Təşkilatının sədr müavini