HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycanın müasir şəhərsalma modeli: tarixi irs və dayanıqlı inkişafın sintezi

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycanın müasir şəhərsalma modeli: tarixi irs və dayanıqlı inkişafın sintezi
Azərbaycanın müasir şəhərsalma modeli: tarixi irs və dayanıqlı inkişafın sintezi

 

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası Azərbaycanın şəhərsalma, memarlıq, dayanıqlı inkişaf və müasir idarəetmə sahələrində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunduğu mühüm platforma kimi diqqət çəkir. Prezident İlham Əliyevin forumdakı çıxışı ölkəmizin şəhərsalma siyasətinin əsas istiqamətlərini, tarixi-mədəni irsə yanaşmanı, müasir urbanizasiya modelini və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işlərini əhatə edən mühüm mesajlarla yadda qalıb.

Forumda 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi tədbirin tarixində rekord göstəricilərdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev bu forumu, Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbir kimi dəyərləndirib. Bu fakt Azərbaycanın qlobal miqyasda mühüm tədbirlərin keçirildiyi beynəlxalq mərkəzlərdən birinə çevrildiyini göstərir.

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi ölkənin şəhərsalma və memarlıq simasında da öz əksini tapır. Bakı şəhərində qədim İçərişəhər ilə müasir urbanistik infrastrukturun vəhdəti tarixi irsin qorunması ilə müasir inkişafın uğurlu sintezini nümayiş etdirir. Eyni zamanda, Bakı bulvarının genişlənərək 3 kilometrdən 15 kilometrdən artıq ərazini əhatə etməsi şəhərin dinamik inkişafının bariz nümunəsidir.

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini də vurğulayıb. BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə keçirilən milli şəhərsalma forumları azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərinin beynəlxalq təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Şəhərsalma siyasəti yalnız infrastruktur layihələri ilə məhdudlaşmır, eyni zamanda sosial inkişaf, vətəndaş rifahı və dayanıqlı yaşayış mühitinin formalaşdırılmasını da əhatə edir. Bu baxımdan Azərbaycan şəhərsalma modelində insan amili əsas prioritetlərdən biri kimi çıxış edir.

Forumda Azərbaycanın qədim şəhərləri və memarlıq irsi də geniş şəkildə təqdim olunub. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi yaşayış məskənləri xalqımızın zəngin memarlıq ənənələrini və tarixi irsə bağlılığını əks etdirir. Möminə Xatun türbəsi, Şəki tarixi abidələri və Lahıcın unikal mühəndislik sistemi bu irsin dəyərli nümunələrindəndir.

Müasir şəhərsalma ilə tarixi irsin qorunması arasında balansın təmin olunması Azərbaycanın urbanizasiya siyasətinin əsas prinsiplərindən biridir. Bu yanaşma inkişafın milli-mədəni dəyərlərlə uzlaşdırıldığını göstərir.

Azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də forumun əsas mövzularından biri olub. Uzun illər işğal altında qalan bu ərazilərdə infrastrukturun tamamilə dağıdılmasına baxmayaraq, son illərdə yollar, tunellər, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və hava limanları inşa edilib. “Böyük Qayıdış” proqramı bu siyasətin əsas istiqamətlərindən biridir.

Eyni zamanda, ekoloji şəhərsalma sahəsində də mühüm layihələr həyata keçirilir. Bakı şəhərində “Qara şəhər”in “Ağ şəhər”ə çevrilməsi, yeni parkların salınması, ictimai məkanların genişləndirilməsi və müasir nəqliyyat infrastrukturunun qurulması dayanıqlı şəhər mühitinin formalaşdırılmasına xidmət edir.

Ümumilikdə, Azərbaycanın şəhərsalma siyasəti yalnız fiziki infrastrukturun qurulması deyil, həm də sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və mədəni irsin yaşadılması kimi çoxşaxəli inkişaf modelini özündə birləşdirir. Prezident İlham Əliyevin WUF13-dəki çıxışı isə bu strategiyanın beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan müasir şəhərsalma sahəsində qlobal təcrübələri milli dəyərlərlə uzlaşdıraraq dayanıqlı inkişaf yolunda inamla irəliləyir.

 Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini