HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan sülh və əməkdaşlıq kursunu davam etdirir

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycan sülh və əməkdaşlıq kursunu davam etdirir
Azərbaycan sülh və əməkdaşlıq kursunu davam etdirir

 

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda yaranmış yeni siyasi vəziyyət, Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika və ölkəmizin sülh təşəbbüsləri barədə fikirlərini bölüşüb.

Dövlət başçısı bildirib ki, Ermənistan tərəfi 2028-ci ildə keçiriləcək Zirvə görüşünün Azərbaycanda təşkil olunmasına dəstək verib. Bu məsələ António Costa ilə görüş zamanı da müzakirə olunub və videobağlantı formatında iştirakla bağlı razılıq əldə edilib. Prezident həmçinin ötən il Tiranada keçirilən görüşdə irəli sürülən təşəbbüsləri xatırladaraq Azərbaycanın regionda balanslı yanaşma nümayiş etdirdiyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistanın Azərbaycanın namizədliyini dəstəkləməsini münasibətlərin normallaşması baxımından mühüm addım kimi qiymətləndirib. O bildirib ki, sülh prosesi çərçivəsində etimad mühitinin gücləndirilməsi istiqamətində real addımlar atılır və bu, regional sabitliyə xidmət edir.

Dövlət başçısı qeyd edib ki, əldə olunan razılaşmalar nəticəsində Azərbaycan ərazisi üzərindən Ermənistana yük daşımaları həyata keçirilib, iqtisadi əlaqələrin ilkin mərhələsi formalaşmağa başlayıb. Eyni zamanda Ağ Evdə imzalanmış Birgə Bəyannamə və sülh sazişi üzrə əldə olunan razılaşmalar regionda sülh prosesinə mühüm töhfə kimi dəyərləndirilib.

Prezident həmçinin Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırdığını, ilk dəfə Ermənistana neft məhsullarının ixracını həyata keçirdiyini bildirib. Bu addımların humanitar və iqtisadi əlaqələrin inkişafına şərait yaratdığı vurğulanıb.

Çıxışda bəzi Avropa institutlarının Azərbaycana qarşı qeyri-obyektiv yanaşmaları tənqid olunub. Prezident İlham Əliyev ölkənin Qarabağda separatizmə son qoymaqla beynəlxalq hüququn icrasını təmin etdiyini qeyd edib və Avropa Parlamentinin qərəzli mövqeyini qəbulolunmaz adlandırıb.

Sonda dövlət başçısı bir daha vurğulayıb ki, Azərbaycan bütün təzyiqlərə baxmayaraq sülh gündəliyinə sadiq qalır və regionda uzunmüddətli sabitlik və əməkdaşlığın təmin olunması üçün fəaliyyətini davam etdirəcək.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini