HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan–Ukrayna münasibətləri yeni inkişaf mərhələsində

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycan–Ukrayna münasibətləri yeni inkişaf mərhələsində
Azərbaycan–Ukrayna münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı prioritet istiqamətlərdən biridir. Bu siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və əməkdaşlıq coğrafiyasının genişlənməsinə mühüm töhfə verir.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Ukrayna arasında uzun illərə söykənən siyasi dialoq bu gün iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir.

İki ölkə BMT, ATƏT, GUAM və QDİƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir, bir-birinə qarşılıqlı dəstək nümayiş etdirir.

Azərbaycan humanitar sahədə həyata keçirdiyi layihələrlə də seçilir. Ukraynadan olan uşaqlar üçün reabilitasiya proqramlarının təşkili, onların sosial və psixoloji bərpasına dəstək göstərilməsi bu istiqamətdə atılan mühüm addımlardandır. Gələcəkdə ukraynalı tələbələrin də bu proqramlara cəlb olunması nəzərdə tutulur.

Qəbələdə keçirilən görüşlər zamanı Azərbaycan və Ukrayna prezidentləri geniş fikir mübadiləsi aparıblar. Mətbuata verilən birgə bəyanatlarda əməkdaşlığın inkişafı və humanitar məsələlər xüsusi vurğulanıb. Ukrayna Prezidenti Azərbaycana göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan müstəqil və balanslı xarici siyasət yürüdərək bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurur və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycan eyni zamanda Ukrayna–Rusiya münaqişəsinin sülh yolu ilə, dialoq və diplomatiya əsasında həllini dəstəkləyir.

Görüşlərdə enerji, kənd təsərrüfatı və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. SOCAR-ın Ukraynada fəaliyyəti ikitərəfli iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi yarım milyard dollardan artıqdır və bu göstəricinin gələcəkdə daha da artacağı gözlənilir.

İndiyədək Azərbaycan və Ukrayna arasında 160-dan çox sənəd imzalanıb. Son səfər çərçivəsində isə 6 yeni sənəd imzalanaraq əməkdaşlığın hüquqi bazası daha da möhkəmləndirilib.

Ümumilikdə Azərbaycan–Ukrayna münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir və qarşılıqlı səfərlər bu əlaqələrin daha da güclənməsinə şərait yaradır.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini