Hər bir xalq özünün yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə qürur duyur, onların zəngin irsini böyük ehtiramla yaşadır. Elm və mədəniyyət xadimlərinin, ictimai-siyasi liderlərin fəaliyyəti yalnız yaşadıqları dövr üçün deyil, gələcək nəsillər üçün də mənəvi sərvətə çevrilir. Azərbaycan xalqı da belə dəyərli şəxsiyyətlərlə zəngindir. Onlardan biri də görkəmli alim, akademik Zərifə Əliyeva olmuşdur.
Onun zəngin həyat yolu hər bir azərbaycanlı üçün örnək sayılır. Aprelin 15-i dünya şöhrətli oftalmoloq, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Zərifə Əliyevanın anım günüdür.
Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə institutu əla qiymətlərlə başa vurmuşdur. O, gənc yaşlarından tibb elminə böyük maraq göstərmiş və peşəkar həkim kimi formalaşmışdır.
Daha sonra o, Azərbaycanda geniş yayılmış və ağır nəticələrə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizəyə başlamışdır. Müalicə üsullarının məhdud olduğu bir dövrdə Zərifə xanım regionlara gedərək maarifləndirmə aparmış, həkimlərə elmi məruzələr oxumuş və xəstəliyin qarşısının alınmasında mühüm rol oynamışdır.
O, həmçinin Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşaraq həkim-oftalmoloq kimi peşə biliklərini daha da təkmilləşdirmişdir. 1949-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi fəaliyyətə başlamışdır.
Zərifə xanım həkimlik peşəsinə yüksək mənəvi yanaşması ilə seçilirdi. Onun fikrincə, əsl həkim xəstənin ağrısını öz ağrısı kimi hiss etməlidir. Bu humanist yanaşma onun bütün fəaliyyətinin əsasını təşkil edirdi.
Alim oftalmologiyanın müxtəlif sahələrində mühüm tədqiqatlar aparmış, xüsusilə qlaukoma xəstəliyi üzrə araşdırmaları bu sahədə çalışan mütəxəssislər üçün dəyərli elmi mənbəyə çevrilmişdir. O, elmi və praktik səhiyyənin inkişafına verdiyi töhfələrə görə bir sıra orden və medallarla təltif olunmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Zərifə xanım eyni zamanda qayğıkeş ana və vəfalı ömür-gün yoldaşı olmuşdur. O, Ümummilli Lider Heydər Əliyevlə birlikdə yüksək mənəvi dəyərlərə əsaslanan ailə mühiti formalaşdırmış və bu dəyərləri övladlarına aşılamışdır. Onların bu birliyi xalqımıza layiqli dövlət başçısı – İlham Əliyevi bəxş etmişdir.
Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmişdir. Onun xatirəsi bu gün də böyük ehtiramla yad olunur.
Hazırda Bakıda Göz Xəstəlikləri İnstitutu onun adını daşıyır, həmçinin ölkənin müxtəlif bölgələrində adına küçələr və parklar salınmışdır. Dövlət və xalq onun xatirəsini əbədiləşdirərək, elmi irsini yaşatmaqdadır.
Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti bu gün də gənc nəsil üçün elmə, insanlığa və Vətənə xidmət nümunəsi kimi yaşayır.
Vüsalə Məşədiyeva
YAP Abşeron rayon təşkilatının məsləhətçisi