Martın 12-də Bakıda Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu yenidən dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəltdi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forum müxtəlif ölkələrin siyasətçilərini, ekspertlərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır.
2013-cü ildən etibarən təşkil olunan Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə nüfuz qazanmış tədbirlərdən birinə çevrilmişdir. Burada keçmiş və hazırkı dövlət və hökumət rəhbərləri, tanınmış diplomatlar, eləcə də analitik mərkəzlərin nümayəndələri qlobal siyasətdə baş verən prosesləri müzakirə edir və müxtəlif problemlərin həlli yollarını irəli sürürlər. Müasir dövrdə dünyada münaqişələrin və qarşıdurmaların artdığı bir şəraitdə belə dialoq platformalarının əhəmiyyəti daha da artır.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev tədbirin beynəlxalq nüfuzunu vurğulayaraq qeyd etdi ki, Qlobal Bakı Forumu artıq geniş mövzuları əhatə edən mühüm qlobal platformaya çevrilmişdir. Dövlət başçısı müasir dünyada təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin hər bir ölkə üçün prioritet olduğunu bildirdi. Onun sözlərinə görə, sülh və təhlükəsizlik olmadan davamlı inkişafdan danışmaq mümkün deyil.
Çıxış zamanı regional təhlükəsizlik məsələlərinə də toxunan Prezident İlham Əliyev Azərbaycanın təcrübəsini nümunə kimi təqdim etdi. O qeyd etdi ki, ölkəmiz uzun illər davam edən münaqişədən sonra öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, eyni zamanda regionda sülhün bərqərar olması üçün təşəbbüslərlə çıxış etmişdir. Dövlət başçısının fikrincə, davamlı sülhə nail olmaq üçün güclü siyasi iradə və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Forumda enerji təhlükəsizliyi məsələsi də xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Azərbaycanın təkcə enerji resurslarına malik ölkə olmadığını, həm də etibarlı tərəfdaş kimi qlobal enerji təhlükəsizliyinə töhfə verdiyini vurğuladı. Bu gün Azərbaycan bir çox ölkələrə təbii qaz ixrac edir və Avropanın enerji təminatında mühüm rol oynayır.
Bununla yanaşı, dövlət başçısı nəqliyyat və logistika marşrutlarının inkişafının da böyük əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərində mühüm tərəfdaş olduğunu bildirən Prezident ölkəmizin beynəlxalq ticarət və tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verdiyini diqqətə çatdırdı.
Beləliklə, XIII Qlobal Bakı Forumu Azərbaycanın qlobal dialoq və əməkdaşlıq təşəbbüslərində fəal rol oynadığını bir daha nümayiş etdirdi. Bu platforma vasitəsilə ölkəmiz beynəlxalq ictimaiyyətə sülh, təhlükəsizlik və qarşılıqlı əməkdaşlığın vacibliyi barədə mühüm mesajlar çatdırdı.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatnın sədr müavini