11 mart tarixində Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa arasında keçirilən yüksək səviyyəli görüş tərəfdaşlıq münasibətlərində yeni mərhələnin işarəsi oldu. Görüş zamanı tərəflər enerji sahəsi, regional təhlükəsizlik və iqtisadi inteqrasiya mövzularını müzakirə etdilər.
Prezident Əliyev çıxışında bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq dinamik inkişaf edir və son illərdə aparılan yüksək səviyyəli görüşlər bunu təsdiqləyir. Avropa Komissiyasının nümayəndələrinin ölkəmizə səfərləri tərəflər arasındakı münasibətlərin yalnız siyasi dialoqla məhdudlaşmadığını, iqtisadi, nəqliyyat və enerji sahələrini də əhatə etdiyini göstərir.
İqtisadi göstəricilər tərəfdaşlığın gücləndiyini nümayiş etdirir. 2026-cı ilin əvvəlində Azərbaycanın ümumi ticarətinin təxminən yarısı Avropa İttifaqı ölkələri ilə həyata keçirilib. Bu, Avropanın Azərbaycanın əsas iqtisadi tərəfdaşı olduğunu göstərir və qarşılıqlı investisiya imkanlarının gələcəkdə daha da genişlənəcəyini vurğulayır.
Enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda 16 Avropa ölkəsi Azərbaycan qazından istifadə edir və 10 ölkə bunun əsas alıcısıdır. Yeni yataqların istismara verilməsi ilə növbəti 2–3 il ərzində qaz hasilatının ən azı 10 milyard kubmetr artırılması planlaşdırılır ki, bu da ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Bərpa olunan enerji sahəsi də diqqət mərkəzindədir. Prezident Əliyev bildirib ki, ölkəmiz günəş, külək və hidroenerji sahəsində böyük potensiala malikdir və 5–6 il ərzində 6–8 giqavat həcmində enerji istehsal edərək ixrac etməyi planlaşdırır. Bu plan Avropanın yaşıl enerji strategiyası ilə uyğun gəlir.
Antonio Koşta çıxışında Azərbaycanın Avropa üçün strateji tərəfdaş olduğunu təsdiqlədi və Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji mənbələrinin şaxələndirilməsində əhəmiyyətini vurğuladı.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da gündəmdə idi. Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında yeni ticarət yollarını təmin edir. Bakı–Naxçıvan dəmir yolu layihəsi regionda iqtisadi əlaqələri gücləndirəcək.
Görüş zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Koşta Azərbaycan və Ermənistan arasında sülh prosesini tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirib və Avropa İttifaqı bu sülhün davamlı olmasını dəstəkləyəcəyini açıqlayıb.
Beynəlxalq vəziyyət, xüsusilə Yaxın Şərqdə baş verən proseslər fonunda Azərbaycanın rolu da müzakirə olunub. Avropa İttifaqı Azərbaycanın regional sabitliyin qorunmasında oynadığı rolu yüksək qiymətləndirir.
Gələcəkdə tərəflər təhlükəsizlik, rəqəmsal texnologiyalar, enerji və nəqliyyat sahələrində yeni layihələr həyata keçirməyi planlaşdırır. Bakı görüşü göstərdi ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı artıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb və həm iki tərəfin, həm də regional və qlobal enerji təhlükəsizliyinin təminatına xidmət edir.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini