HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycanın enerji diplomatiyası: etibarlı tərəfdaşlıq və tranzit imkanları

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycanın enerji diplomatiyası: etibarlı tərəfdaşlıq və tranzit imkanları
Azərbaycanın enerji diplomatiyası: etibarlı tərəfdaşlıq və tranzit imkanları

Son illər Azərbaycan beynəlxalq səviyyəli siyasi və iqtisadi tədbirlərin keçirildiyi mühüm platformalardan birinə çevrilib. Ölkəmizin bu sahədə qazandığı nüfuz düşünülmüş və balanslaşdırılmış siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi tanınmasına mühüm töhfə verib. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iri layihələr həm regional əməkdaşlığın möhkəmlənməsinə, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Martın 3-də Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası Azərbaycanın beynəlxalq enerji gündəmində tutduğu mövqeni bir daha nümayiş etdirdi. Bu mötəbər toplantıda Azərbaycanla yanaşı Avropa ölkələri də daxil olmaqla ümumilikdə 27 dövlət, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkətinin nümayəndələri iştirak ediblər. Nazir və nazir müavinlərinin, eləcə də digər yüksək vəzifəli şəxslərin qatıldığı tədbir enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında yaşıl enerji əlaqələrinin inkişafına həsr olunmuş investisiya dəyirmi masası da təşkil olunub. Burada müzakirə edilən məsələlər enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə yönəlib.

Toplantıda çıxış edən Prezident İlham Əliyev son illərdə qlobal enerji sistemində baş verən mürəkkəb proseslərə toxunaraq qeyd edib ki, müxtəlif çətinliklərə baxmayaraq Azərbaycan və tərəfdaşları bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verə bilib. Dövlət başçısı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsinin inkişafı nəticəsində Azərbaycan qazının ixrac coğrafiyası davamlı şəkildə genişlənir. Əgər əvvəlki illərdə Azərbaycan qazı 12 ölkəyə çatdırılırdısa, hazırda bu göstərici 16 ölkəyə yüksəlib.

Bu fakt Azərbaycanın Avropanın enerji təminatında mühüm tərəfdaşlardan birinə çevrildiyini göstərir. Eyni zamanda ölkəmiz enerji resurslarının istehsalı və ixracı ilə yanaşı, onların təhlükəsiz və etibarlı tranzitini təmin edən mühüm logistika mərkəzi kimi də çıxış edir.

Azərbaycanın enerji strategiyası yalnız karbohidrogen ehtiyatlarının ixracı ilə məhdudlaşmır. Son illərdə ölkəmiz bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr gələcəkdə Azərbaycanın enerji balansında yaşıl enerjinin payının artmasına imkan yaradacaq.

Bununla yanaşı, Xəzər regionunda yerləşən digər ölkələrin enerji resurslarının daşınması üçün Azərbaycanın mövcud infrastrukturu mühüm rol oynayır. Qazaxıstan və Türkmənistan neftinin nəqli də məhz bu sistem vasitəsilə həyata keçirilir və bu istiqamətdə həcmlərin artacağı gözlənilir. Mövcud enerji infrastrukturu Xəzərin şərq sahillərindən daha böyük həcmdə enerji resurslarının qəbul olunmasına imkan yaradır.

Azərbaycanın enerji sahəsində həyata keçirdiyi uğurlu diplomatiya ölkəmizin beynəlxalq tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə səbəb olur. Müxtəlif dövlətlərlə qurulan strateji əməkdaşlıq, o cümlədən Amerika Birləşmiş Ştatları ilə tərəfdaşlıq münasibətləri enerji layihələrinin gələcək inkişafı üçün əlavə imkanlar yaradır.

Bütün bunlar göstərir ki, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş və mühüm tranzit ölkəsi kimi qlobal enerji təhlükəsizliyinə töhfə verməyə davam edir.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini