Bəşəriyyətin inkişaf tarixi göstərir ki, cəmiyyətin tərəqqisi qadınların potensialının nə dərəcədə reallaşmasından və onların ictimai həyatda fəal iştirakından birbaşa asılıdır. Müasir dövrdə qadınlar artıq yalnız ictimai proseslərin müşahidəçisi deyil, eyni zamanda bu proseslərin fəal iştirakçısı və istiqamətverici qüvvəsidir. Bu gün qadınların fəaliyyəti ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir və cəmiyyətin inkişafında mühüm rol oynayır.
Dövlət idarəçiliyində və siyasi həyatda qadınların iştirakı qərarların qəbulunda sosial ədalət, humanizm və cəmiyyətin müxtəlif təbəqələrinin maraqlarının qorunması kimi mühüm prinsiplərin ön plana çıxmasına səbəb olur. Qadınların analitik düşüncə tərzi, yüksək məsuliyyət hissi və diplomatik bacarıqları onların siyasi proseslərdə uğurla təmsil olunmasına geniş imkan yaradır. Bu gün qadınlar parlamentdə, dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlarında və vətəndaş cəmiyyəti institutlarında fəal fəaliyyət göstərirlər.
İqtisadi sahədə də qadınların rolu getdikcə artır. Müasir biznes mühitində qadınların təşəbbüskarlığı, innovativ düşüncəsi və idarəetmə bacarıqları iqtisadi inkişafın mühüm amillərindən biri hesab olunur. Kiçik və orta sahibkarlıqdan tutmuş iri biznes strukturlarına qədər qadınların fəaliyyəti ölkənin iqtisadi sabitliyinə və davamlı inkişafına töhfə verir.
Elm və təhsil sahəsində qadınların qazandığı nailiyyətlər də cəmiyyətin intellektual inkişafında mühüm rol oynayır. Bu gün qadın alimlər və müəllimlər yeni nəsillərin bilikli, savadlı və vətənpərvər ruhda yetişməsində böyük xidmətlər göstərirlər. Onların fəaliyyəti gənc nəslin formalaşmasına, ölkənin elmi və mədəni inkişafına mühüm töhfə verir.
Eyni zamanda qadınlar milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində də mühüm rol oynayırlar. Ailə institutunun möhkəmləndirilməsi, milli ənənələrin yaşadılması və sağlam sosial mühitin formalaşdırılmasında qadınların rolu danılmazdır. Müasir dövrdə qadın həm ailə dəyərlərini qoruyan, həm də cəmiyyətin inkişafında fəal iştirak edən güclü və nüfuzlu bir obraz kimi çıxış edir.
Məhz buna görə də qadınların ictimai, siyasi və iqtisadi sahələrdə daha geniş təmsil olunması cəmiyyətin daha demokratik, ədalətli və inkişaf etmiş olmasına xidmət edir. Qadınların fəallığı və liderlik keyfiyyətləri cəmiyyətin davamlı inkişafının vacib amillərindən biridir.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti və fəaliyyətlərində uğurlar arzulayıram. Qoy həyatınız daim sevinc, uğur və xoş anlarla dolu olsun.
Ülvi Salamanov
YAP Abşeron rayon təşkilatının sədr müavini