HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

8 Mart – Azərbaycan qadınına ehtiram günü

Abbas Aliyev

Abbas Aliyev

YAP Abşeron bölge teşkilatı başkanı...

Profili Göstər
8 Mart – Azərbaycan qadınına ehtiram günü
8 Mart – Azərbaycan qadınına ehtiram günü

Azərbaycan qadını bəşəriyyətin mədəni fikir xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli şəxsiyyətlər, tanınmış elm və sənət adamları, eləcə də siyasi xadimlər yetişdirmişdir. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması istiqamətində mühüm nailiyyətlər əldə edən Azərbaycan qadını bu gün dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısıdır.

Azərbaycan qadınları taleyüklü milli məsələlərin həllində sanballı töhfələr verir, dövlət quruculuğunda yüksək mövqe tutur. Bu gün qeyd edilən 8 Mart Beynəlxalq Qadınlar Günü də məhz qadınların cəmiyyətimizdə tutduğu bu əhəmiyyətli mövqenin ifadəsidir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əldə olunan uğurlar Azərbaycan qadınının böyük potensiala malik olduğunu bir daha sübut edir.

Bəşəriyyət tarixində mühüm əlamətdar günlərdən biri olan 8 Mart – Beynəlxalq Qadınlar Günü ilk dəfə Romada qeyd olunsa da, bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda təntənə ilə qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1975-ci ildən etibarən bu tarix rəsmi olaraq Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməyə başlanmışdır.

Azərbaycan xalqı tarixən qadına, xüsusilə ana obrazına böyük hörmət və ehtiramla yanaşmışdır. Qadın həmişə müqəddəs sayılmış, namus və qeyrət rəmzi kimi dəyərləndirilmişdir. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adları tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycanda qadın hüquqlarının qorunması və qadınların ictimai həyatda fəal iştirakının artırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanda dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli lider Heydər Əliyev qadınlara böyük hörmət və diqqət göstərmişdir. Onun imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli fərman bu sahədə mühüm addım olmuşdur.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisə kimi yadda qalmışdır. Həmin ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir və bu toplantılar qadın siyasəti sahəsində əlamətdar hadisə kimi qiymətləndirilir.

Bu gün Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadınların cəmiyyətdə mövqelərinin möhkəmlənməsi üçün geniş imkanlar yaradır. Ölkəmizdə gender bərabərliyi siyasəti uğurla həyata keçirilir, qadınların əməyinə və cəmiyyətə verdiyi töhfələrə daim yüksək qiymət verilir.

Müasir dövrdə Azərbaycan qadınları ölkəmizin inkişafına öz dəyərli töhfələrini verir, beynəlxalq qadın hərəkatında fəal iştirak edirlər. Qadınlar eyni zamanda gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayırlar.

Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir:
“Qadınlar bir belə əziyyət çəkərkən nə istəyirlər? Sadəcə onlara diqqət, qayğı və ehtiram!”

Qadınları birləşdirən ən müqəddəs ad isə ana adıdır. Ana övladı üçün hər cür fədakarlığa hazır olur, onun xoşbəxtliyi naminə hər çətinliyə dözür.

8 Mart münasibətilə bütün xanımları səmimi qəlbdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayıram.

Bayramınız mübarək, əziz xanımlar!

YAP Abşeron rayon təşkilatının sədri
Abbas Əliyev