HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Xocalı soyqırımı – qan yaddaşımız

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Xocalı soyqırımı – qan yaddaşımız
Xocalı soyqırımı – qan yaddaşımız

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş qətliam Azərbaycan xalqının yaddaşına silinməz faciə kimi həkk olunub. Birinci Qarabağ müharibəsi dövründə baş verən bu hadisə dinc əhaliyə qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir.

Rəsmi məlumatlara görə, Xocalı soyqırımı zamanı 613 nəfər qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i isə ahıl şəxs olub. 1275 nəfər girov götürülüb, 150 nəfərin taleyi uzun müddət naməlum qalıb. 487 nəfər ağır yaralanıb və şikəst edilib, onlardan 76-sı uşaq olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Şəhər tamamilə dağıdılıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı faciəsinə yüksək siyasi-hüquqi qiymət verilməsinin vacibliyini vurğulamış, hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atmışdır. 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmişdir.

Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən ardıcıl və sistemli fəaliyyət həyata keçirilir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilib. Kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində konfranslar, sərgilər, anım mərasimləri və məlumatlandırma aksiyaları təşkil olunur, faciə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılır.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi. 2023-cü il sentyabrın 19–20-də Qarabağda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri də daxil olmaqla ərazilərimiz üzərində dövlət suverenliyi tam təmin olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Bu hadisə tarixi ədalətin bərpasının və dövlət suverenliyinin təmin olunmasının rəmzi kimi dəyərləndirilir.

Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Bu faciə heç zaman unudulmur, qurbanların xatirəsi daim ehtiramla yad edilir və gələcək nəsillərə çatdırılır.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini