HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan–Serbiya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycan–Serbiya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi
Azərbaycan–Serbiya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

Azərbaycan ilə Serbiya arasında formalaşmış yaxın tərəfdaşlıq münasibətləri son illərdə yüksələn xətt üzrə inkişaf etməkdədir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, imzalanan mühüm sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların təşkili və digər qarşılıqlı faydalı təşəbbüslər ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunması məsələlərində daim bir-birini dəstəkləmiş, parlamentlərarası əməkdaşlığın genişlənməsi isə dövlətlərarası münasibətlərin möhkəmlənməsində mühüm rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri ikitərəfli münasibətlərin daha da irəli aparılması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Serbiya Prezidenti Aleksandar Vuçiç ilə keçirilən təkbətək görüş zamanı tərəflər mövcud əməkdaşlıq səviyyəsini yüksək dəyərləndirmiş, eyni zamanda böyük potensiala malik sahələr üzrə münasibətlərin daha da inkişaf etdirilməsi üçün vacib addımların atılmasının zəruriliyini vurğulamışlar.

Belqrad şəhərində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi tərəflər arasında mövcud olan dərin etimadın və dostluğun bariz nümunəsi kimi diqqət çəkmişdir. İlk strateji iclasın Serbiyanın milli bayramı – Dövlətçilik Günündə baş tutması bu görüşün əhəmiyyətini və Azərbaycanın Serbiya üçün yaxın dost ölkə olduğunu bir daha nümayiş etdirmişdir.

Səfər çərçivəsində imzalanmış sənədlər iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi və qorunması, energetika, nəqliyyat, kənd təsərrüfatı, eləcə də humanitar sahələri əhatə etmişdir. Xüsusilə enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biri kimi ön plana çıxır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Serbiya ilə qaz təchizatı və enerji infrastrukturu üzrə əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Bu razılaşmalar Serbiyanın enerji mənbələrinin şaxələndirilməsinə, Azərbaycanın isə Avropa enerji bazarındakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.

Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi ilə bağlı əldə olunan razılaşmalar iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. İnfrastruktur layihələri və tikinti sektoru üzrə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Serbiya şirkətlərinin iştirak perspektivi də xüsusi əhəmiyyət kəsb edir.

Humanitar və mədəni sahələrdə əməkdaşlıq da tərəfdaşlığın mühüm istiqamətlərindəndir. Təhsil, elm, mədəniyyət və idman sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu sahədə həyata keçiriləcək birgə layihələr, tələbə mübadiləsi proqramları və mədəni tədbirlər ictimai diplomatiyanın inkişafına mühüm töhfə verəcəkdir.

Siyasi müstəvidə isə tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi məsələlərində ortaq mövqedən çıxış etdiklərini bir daha bəyan etmişlər. Bu prinsipial yanaşma Azərbaycan–Serbiya münasibətlərinin strateji xarakterini daha da gücləndirir.

Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri ölkələrimiz arasında siyasi dialoqdan real iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi platformasına keçidin bariz nümunəsi olmuşdur. Siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın uğurlu və düşünülmüş xarici siyasətinin mühüm nəticəsidir. Bu nailiyyətlər Azərbaycan Prezidentinin qətiyyətli siyasəti və tərəfdaşlarla səmərəli dialoqu sayəsində mümkün olmuşdur.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini