2026-cı il fevralın 11-də İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirə ölkəmizin rəqəmsal transformasiya yolunda atdığı mühüm addımların təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident çıxışında vurğulayıb ki, rəqəmsal inkişaf, süni intellekt və müasir texnologiyaların tətbiqi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir. Ölkəmizin Asiya ilə Avropa arasında yerləşən əlverişli coğrafi mövqeyi, Şimal–Cənub nəqliyyat dəhlizi üzərində yerləşməsi və son illərdə yaradılmış güclü infrastruktur bu sahədə geniş imkanlar yaradır.
Dövlət başçısı qeyd edib ki, transmilli şirkətlərlə əməkdaşlıq təcrübəsi, əlverişli investisiya mühiti və energetika sahəsində əldə olunmuş nailiyyətlər data mərkəzlərinin qurulması, rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi üçün möhkəm əsas formalaşdırır. Eyni zamanda, dünyanın aparıcı maliyyə fondları və iri texnologiya şirkətləri ilə aparılan danışıqlar Azərbaycanın bu sahədə beynəlxalq etimad qazandığını göstərir.
Prezident çıxışında Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına da toxunaraq bildirib ki, bu sənəd rəqəmsallaşma, data mərkəzləri və süni intellekt sahəsində əməkdaşlıq üçün geniş perspektivlər açır. Bununla yanaşı, Avropa İttifaqına üzv bir sıra ölkələr və Çin Xalq Respublikası ilə qurulan strateji tərəfdaşlıq əlaqələri Azərbaycanın qlobal texnoloji proseslərdə fəal iştirakını təmin edir.
Müşavirədə rəqəmsal inkişaf sahəsində dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi əsas vəzifə kimi müəyyən edilib. Qısa müddət ərzində vahid fəaliyyət planının hazırlanması və bütün qurumların bu plan üzrə sistemli fəaliyyət göstərməsi tapşırılıb.
Prezident dövlət xidmətlərinin “mygov” platforması üzərindən vahid mərkəzdən təqdim edilməsinin vacibliyini vurğulayıb, vətəndaşlara göstərilən xidmətlərin daha çevik və şəffaf şəkildə təşkil olunmasının prioritet olduğunu bildirib.
Kadr hazırlığı məsələsi də diqqət mərkəzində saxlanılıb. Ali və orta təhsil pillələrində rəqəmsal bacarıqların inkişaf etdirilməsi, süni intellekt və kibertəhlükəsizlik sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması gələcək inkişafın əsas şərti kimi qiymətləndirilib.
Eyni zamanda, kibertəhlükəsizlik məsələlərinin daim diqqətdə saxlanılması, mövcud infrastrukturun gücləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi xüsusi əhəmiyyət kəsb edir.
Ümumilikdə, keçirilən müşavirə bir daha göstərdi ki, rəqəmsal transformasiya Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə vahid yanaşmanın formalaşdırılması ölkənin dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri