HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

ABŞ–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsində

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
ABŞ–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsində
ABŞ–Azərbaycan münasibətləri strateji tərəfdaşlıq mərhələsində

ABŞ-ın Vitse-prezidenti Cey.Di. Vensin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəldiyini nümayiş etdirdi. Dövlət başçısının mətbuata verdiyi bəyanat və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası göstərir ki, əlaqələr artıq yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, uzunmüddətli və sistemli əməkdaşlıq modelinə çevrilir.

ABŞ-ın vasitəçiliyi ilə ötən il Ağ Evdə baş tutan görüşlər, Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması regionda gərginliyin azalmasına, qarşıdurmanın dialoq və əməkdaşlıqla əvəz olunmasına real zəmin yaradıb. Bu proses Cənubi Qafqazda davamlı sülh və sabitliyin formalaşması baxımından mühüm siyasi nəticədir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Tramp–Vens administrasiyasının nümayiş etdirdiyi konstruktiv yanaşma qısa müddətdə konkret qərarlar və layihələrlə müşayiət olunub. İmzalanmış Xartiyada tərəflərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına dəstəyi münasibətlərin fundamental əsaslarının dəyişməz olduğunu təsdiqləyir.

Əməkdaşlığın əsas istiqamətlərindən biri də nəqliyyat və tranzit sahəsidir. Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafı, infrastrukturun modernləşdirilməsi, ticarət və logistika imkanlarının genişləndirilməsi regionu qlobal ticarət marşrutlarının mühüm həlqəsinə çevirir. Bu layihələr yalnız iqtisadi fayda deyil, eyni zamanda uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edir.

Enerji sahəsində tərəfdaşlıq isə strateji əhəmiyyətini daha da artırır. Azərbaycanın təbii qaz ixracı bir sıra ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır. Xartiyada enerji layihələrinin genişləndirilməsi, təchizat marşrutlarının şaxələndirilməsi və yeni əməkdaşlıq formatlarının yaradılması bu sahədə ortaq baxışı əks etdirir.

Bununla yanaşı, yüksək texnologiyalar, süni intellekt, rəqəmsal infrastruktur və innovasiya sahələrində əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf baxımından xüsusi önəm daşıyır. Təhlükəsizlik, antiterror fəaliyyəti, kibertəhlükəsizlik və humanitar minatəmizləmə üzrə birgə iş isə regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfə verir.

Beləliklə, Vitse-prezident Vensin səfəri ABŞ–Azərbaycan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu tərəfdaşlıq qarşıdakı illərdə siyasi dialoqun dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionda sülh ilə sabitliyin möhkəmlənməsinə real əsaslar yaradır.

Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini