HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan–ABŞ əlaqələri qarşılıqlı etimad və strateji maraqlar üzərində möhkəmlənir

Abbas Aliyev

Abbas Aliyev

YAP Abşeron bölge teşkilatı başkanı...

Profili Göstər
Azərbaycan–ABŞ əlaqələri qarşılıqlı etimad və strateji maraqlar üzərində möhkəmlənir
Azərbaycan–ABŞ əlaqələri qarşılıqlı etimad və strateji maraqlar üzərində möhkəmlənir

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri müasir beynəlxalq münasibətlər kontekstində mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir. Bu səfər zamanı Prezident İlham Əliyevlə aparılan danışıqlar və verilən birgə bəyanatlar göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri yeni məzmunla zənginləşərək daha yüksək səviyyəyə yüksəlməkdədir. Tərəflər əməkdaşlığı taktiki maraqlar deyil, uzunmüddətli strateji hədəflər üzərində qurmaq niyyətində olduqlarını açıq şəkildə nümayiş etdirdilər.

Dövlətimizin başçısı İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan xarici siyasətində ardıcıllıq və etibarlılıq əsas prinsiplərdir. Prezidentin ABŞ administrasiyasının ölkəmizə müsbət yanaşmasını xüsusi vurğulaması, eləcə də Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanmasını tərəflər arasında formalaşan qarşılıqlı etimadın nəticəsi kimi təqdim etməsi münasibətlərin institusional xarakter aldığını göstərir. Bu sənəd iki ölkə arasında siyasi dialoqun və praktiki əməkdaşlığın daha geniş çərçivədə davam etdirilməsinə zəmin yaradır.

Azərbaycanın qlobal enerji təhlükəsizliyində tutduğu mövqe artıq beynəlxalq səviyyədə qəbul edilən reallıqdır. Bəyanatlarda ölkəmizin 16 dövlətin, o cümlədən NATO üzvü olan bir sıra ölkələrin enerji təminatında mühüm rol oynamasının qeyd olunması Azərbaycanın etibarlı tərəfdaş statusunu bir daha təsdiqlədi. ABŞ ilə enerji sahəsində əməkdaşlıq Avropanın enerji mənbələrinin şaxələndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycanın regional və beynəlxalq təsir imkanlarını da əhəmiyyətli dərəcədə artırır.

İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı verilən mesajlar Azərbaycan–ABŞ münasibətlərinin yeni mərhələdə daha praktik məzmun aldığını göstərir. Xüsusilə innovasiya, rəqəmsal texnologiyalar və yüksək əlavə dəyər yaradan sahələrdə ABŞ təcrübəsi və investisiya potensialı Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə üst-üstə düşür. Bu əməkdaşlıq ölkəmizin qeyri-neft sektorunun güclənməsinə və müasir iqtisadi modelin formalaşmasına töhfə verə bilər.

Cənubi Qafqazda sülh və sabitlik mövzusu tərəflərin müzakirələrində xüsusi yer tutdu. Prezident İlham Əliyevin regional təhlükəsizlik məsələlərinə prinsipial yanaşması Azərbaycanın regionda dayanıqlı sülhün bərqərar olunmasında maraqlı tərəf olduğunu bir daha nümayiş etdirdi. ABŞ-ın bu proseslərə dəstək verməsi Vaşinqtonun bölgədə uzunmüddətli sabitliyin təmin olunmasında maraqlı olduğunu göstərir.

Vitse-prezident Cey. Di. Vensin çıxışında iqtisadi əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər ABŞ-ın Azərbaycanı etibarlı regional tərəfdaş kimi qəbul etdiyini təsdiqləyir. Bu yanaşma iki ölkə arasında strateji dialoqun daha da intensivləşəcəyindən xəbər verir.

Bütün bu məqamlar onu deməyə əsas verir ki, enerji, iqtisadiyyat, texnologiya və təhlükəsizlik sahələrində qurulan əməkdaşlıq Azərbaycan–ABŞ münasibətlərini çoxşaxəli və dayanıqlı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Qarşılıqlı maraqlara əsaslanan bu münasibətlər həm regionda sabitliyə töhfə verir, həm də qlobal miqyasda əməkdaşlıq üçün etibarlı platforma rolunu oynayır.

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri