Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının Xırdalan şəhər 41 saylı ərazi partiya təşkilatında növbəti görüş təşkil olunub. Görüşdə təşkilati məsələlərə baxılıb, həmçinin yeni üzvlərin partiya sıralarına qəbulu məsələsi müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecinin direktoru Hicran Əyyubova gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib. O, Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışaraq, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticələrindən bəhs edib və partiya üzvlərinin bu prosesdə fəal iştirak etdiyini vurğulayıb.
Daha sonra çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, sosial-iqtisadi inkişaf təmin olunmuş, genişmiqyaslı islahatlar uğurla icra edilmişdir. Abbas Əliyev qeyd edib ki, vətəndaşların sosial rifahının yüksəldilməsi, məşğulluğun artırılması, regionların davamlı inkişafı və sosial layihələrin icrası partiyanın əsas prioritet istiqamətlərindəndir. O, eyni zamanda, partiya üzvlərinin ictimai fəallığını, müxtəlif sahələrdə, o cümlədən təhsil, səhiyyə və digər mühüm sektorlarda çalışan nümayəndələrin təşəbbüskarlığını və yüksək vətənpərvərlik ruhunda fəaliyyətini xüsusi vurğulayaraq, onların dövlətçilik prinsiplərinə sadiqliyini yüksək qiymətləndirib.
Görüşdə təşkilati məsələlər müzakirəyə çıxarılıb. Xırdalan şəhər 41 saylı ərazi partiya təşkilatının sədr vəzifəsinə Fərmanlı Firuzə Ərzullah qızının, sədr müavini vəzifəsinə isə Kamilə Ağayevanın namizədliyi irəli sürülüb. Namizədliklər səsverməyə çıxarılıb və hər iki şəxs yekdilliklə seçilib.
Sonda yeni seçilmiş sədr və müavinə gələcək fəaliyyətlərində uğurlar arzulanıb, təşkilatın qarşıdakı dövr üzrə fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.