Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən mötəbər mərasim müasir beynəlxalq siyasətdə sülhə və qarşılıqlı hörmətə əsaslanan yanaşmanın real nəticələr verdiyini bir daha nümayiş etdirdi. 2026-cı il fevralın 4-də baş tutan tədbir qlobal diplomatiya tarixində əlamətdar hadisə kimi yadda qaldı. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması və mükafatın BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən şəxsən təqdim edilməsi bu qərarın yüksək siyasi və mənəvi çəkisini açıq şəkildə ortaya qoydu. Dövlət başçıları arasında səmimi dialoq və qarşılıqlı ehtiram regionda formalaşan yeni strateji münasibətlərin rəmzinə çevrildi.
Prezident İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi uzun illər ərzində həyata keçirilən ardıcıl, prinsipial və uzaqgörən siyasətin məntiqi nəticəsidir. Qlobal miqyasda münaqişə və qarşıdurmaların dərinləşdiyi bir dövrdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması beynəlxalq ictimaiyyət üçün ümidverici nümunə kimi qiymətləndirilir. Bu proses göstərdi ki, siyasi iradə və qarşılıqlı məsuliyyət olduqda, ən mürəkkəb münaqişələrin belə həlli mümkündür.
Cənubi Qafqazda əldə edilən sülh modeli beynəlxalq münasibətlər sistemində nadir hallarda rast gəlinən real və dayanıqlı nəticədir. Uzun illər ərzində müxtəlif beynəlxalq vasitəçilərin nəticəsiz cəhdlərinə baxmayaraq, rəsmi Bakı beynəlxalq hüquqa əsaslanan ədalətli yanaşma ilə regionda yeni reallıq formalaşdırdı. Ərazi bütövlüyünün bərpası, suverenliyin tam təmin olunması və birbaşa dialoqun qurulması Azərbaycanın sülh strategiyasının əsas sütunlarını təşkil etdi. Əbu-Dabidə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu yanaşmanın beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir.
Mükafatın ideoloji mahiyyəti ilə Azərbaycanın regional siyasəti arasında dərin uyğunluq mövcuddur. Şeyx Zayed bin Sultan Əl Nəhyanın humanizm və dözümlülük fəlsəfəsinə əsaslanan bu mükafat sülh, həmrəylik və qarşılıqlı anlaşma dəyərlərini təşviq edir. Azərbaycan da qalib ölkə olmasına baxmayaraq, revanşizmə deyil, əməkdaşlığa üstünlük verərək bölgədə kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası və birgə inkişaf modelini irəli sürüb. Bu yanaşma “qalib və məğlub” anlayışlarını arxa plana keçirərək, regional sabitlik üçün yeni mərhələ yaradıb.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev mükafatın əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, Azərbaycanın təcrübəsi münaqişə şəraitində yaşayan ölkələr üçün nümunə ola bilər. Dövlət başçısı bildirib ki, uzun illər davam edən qarşıdurmaya baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək sülhün əldə olunmasını mümkün edir. Prezident, həmçinin, Əbu-Dabinin Azərbaycan–Ermənistan danışıqlarında mühüm platformaya çevrildiyini xatırladaraq, burada əldə olunan razılaşmaların sonradan Vaşinqtonda rəsmiləşdirildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev çıxışında regionda yaranmış yeni geosiyasi şəraitə də toxunub. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan münasibətləri artıq müharibə mərhələsini geridə qoyaraq sülh və əməkdaşlıq mərhələsinə qədəm qoyub. Qısa müddət ərzində etimad mühitinin formalaşdırılması, nəqliyyat-logistika əlaqələrinin bərpası, enerji və ticarət sahələrində əməkdaşlığın başlanması sülh prosesinin praktiki nəticələri kimi qiymətləndirilib.
Dövlət başçısı Vaşinqtonda keçirilmiş üçtərəfli Zirvə Görüşünün də tarixi əhəmiyyətini vurğulayaraq bildirib ki, həmin görüş sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə nəticələnib və uzunmüddətli münaqişənin siyasi həllində həlledici mərhələ olub.
Abbas Əliyev
Yeni Azərbaycan Partiyası
Abşeron rayon təşkilatının sədri