Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında mühüm rol oynayıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı müvafiq Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və həmin tarixdən etibarən bu əlamətdar gün ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Azərbaycan bu təşəbbüslə MDB və Şərqi Avropa məkanında ilk ölkələrdən biri kimi tarixə düşüb.
Ümummilli Lider Heydər Əliyev gənclərə daim xüsusi diqqət və qayğı ilə yanaşmış, onların problemlərinin həlli və potensiallarının üzə çıxarılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu uğurlu siyasət bu gün Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir.
Hazırda ölkəmizdə gənclərin bütün sahələrdə fəal iştirakı dövlət gənclər siyasətinin real nəticələrinin bariz göstəricisidir. Azərbaycan gəncləri elm, təhsil, idman, mədəniyyət, ictimai-siyasi həyat və digər sahələrdə əldə etdikləri nailiyyətlərlə ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edirlər. Gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdəndir.
Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin gələcəyinin əsas təminatçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə vətənpərvər, sağlam düşüncəli, milli maraqlara sadiq gənc nəsil formalaşıb. Dövlət gənclər siyasətində milli və dövlətçilik maraqlarının ön planda tutulması 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin əsas amillərindən biri oldu. Məhz bu siyasətin nəticəsi olaraq, gənclərimiz Vətən qarşısında üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdilər.
Bu gün də gənclərimiz ölkənin idarə olunmasında, sosial-iqtisadi inkişafında, elmi-mədəni və ictimai həyatında fəal iştirak edir, azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işlərinə töhfələr verirlər. Azərbaycan gənclərinin yüksək fəallığı, vətənpərvərliyi və dövlətə bağlılığı onların gələcəkdə də bu proseslərdə aparıcı rol oynayacaqlarını deməyə əsas verir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan gənclərinin I Forumunda söylədiyi “Hər bir Azərbaycan gənci hər şeydən əvvəl müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri bu gün də öz aktuallığını qoruyur.
Bu gün gənclər üçün yaradılan imkanlar daha genişdir və bu imkanlardan səmərəli istifadə etmək hər bir gəncin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan gəncliyi azad, sabit və özünə güvənən bir ölkədə yaşayır və haqlı olaraq bununla fəxr edir. Gənclərimiz öz gələcəklərini düzgün müəyyənləşdirməli, dövlətə və cəmiyyətə maksimum fayda vermək üçün daim fəal olmalıdırlar.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri