HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

20 Yanvar faciəsindən 36 il ötür

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar faciəsindən 36 il ötür

20 Yanvar faciəsindən 36 il keçir. Qanlı Yanvar faciəsi XX əsr tarixinə və bəşəriyyətə qarşı törədilmiş ən amansız cinayətlərdən biri kimi tarixə yazılmışdır. Azərbaycan xalqına qarşı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının hərbi birləşmələri tərəfindən açıq hərbi təcavüz həyata keçirildi. Bu qanlı əməliyyat xalqımızı qorxutmaq, milli azadlıq hərəkatını boğmaq, istiqlal uğrunda mübarizə əzmini sındırmaq məqsədi daşıyırdı.

Lakin Azərbaycan xalqı həmin gecə üzərinə yeridilən silahlı qüvvələrə qarşı sinəsini sipər etdi, öz azadlıq istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda canından keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Keçmiş imperiya rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun bilavasitə göstərişi ilə törədilən bu cinayət xalqımızın milli müstəqillik uğrunda mübarizəsinə yeni impuls verdi. 1988-ci ildən başlanmış ümumxalq hərəkatı daha da gücləndi.

Ömrünü xalqına həsr etmiş ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi. O, Kremlin bir addımlığında Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayəti açıq şəkildə pislədi, informasiya blokadasını yararaq həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tarixi addım atdı. Bu cəsarətli mövqe həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük rezonans doğurdu, xalqımıza güclü mənəvi dəstək oldu.

1991-ci il noyabrın 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilən qərarla 20 Yanvar Milli Matəm Günü elan edildi. Qərarda faciənin təşkilatçıları və günahkarları ilk dəfə açıq şəkildə göstərildi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə respublika miqyasında siyasi-hüquqi qiymət verildi. 1994-cü il 5 yanvar tarixli sərəncamla hadisələrin hərtərəfli araşdırılması və hüquqi qiymətləndirilməsi təmin olundu.

Artıq 36 ildir ki, 20 Yanvar Azərbaycan xalqı tərəfindən kədər, hüzn və matəm günü kimi qeyd olunur. Şəhidlərimizin xatirəsi ehtiramla yad edilir. Lakin 20 Yanvar təkcə faciə deyil, eyni zamanda xalqımızın milli qürur və qəhrəmanlıq tarixidir. O qanlı gecə Azərbaycan xalqının azadlığa və müstəqilliyə layiq olduğunu bütün dünyaya sübut etdi.

Bu gün 20 Yanvar şəhidlərinin ailələri və əlilləri dövlət qayğısı ilə əhatə olunub. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, sosial müdafiə tədbirlərinin həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində bu kateqoriyadan olan vətəndaşların sosial təminatı ildən-ilə gücləndirilir, müavinət və təqaüdlər mütəmadi artırılır.

20 Yanvar şəhidləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayır və yaşayacaqdır.

Ülvi Salmanov 

YAP Abşeron rayon təşkçilatnın sədr müavini