HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Dayanıqlı su infrastrukturu ölkənin strateji inkişaf prioritetidir

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Dayanıqlı su infrastrukturu ölkənin strateji inkişaf prioritetidir
Dayanıqlı su infrastrukturu ölkənin strateji inkişaf prioritetidir

 

Müasir dövrdə Azərbaycanın davamlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri mühüm infrastruktur layihələrinin həyata keçirilməsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son illər ərzində ölkə üzrə irimiqyaslı layihələr reallaşdırılmış, xüsusilə su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir. Bu layihələr Bakı şəhərini, Abşeron yarımadasını və regionları əhatə etməklə əhalinin rifah halının yüksəldilməsinə xidmət edir.

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramına həsr olunmuş müşavirə bu sahədə görülən işlərin məntiqi davamı kimi mühüm əhəmiyyət daşıyır. Həmin müşavirədə Prezident İlham Əliyev bildirmişdir ki, son 20 il ərzində inşa edilən dörd böyük su anbarı ölkənin su təhlükəsizliyinin təmin olunmasında həlledici rol oynayır. Ümumi tutumu 500 milyon kubmetrdən artıq olan bu anbarlar olmasaydı, bu gün paytaxtın və bir sıra bölgələrin su təminatı ciddi risk altında qala bilərdi.

Dövlət başçısı xüsusi vurğulamışdır ki, Bakı və Abşeron yarımadasında içməli su ilə bağlı problemlər uzun illər ərzində aktual olmuşdur. Məhz bu səbəbdən məsələni kompleks şəkildə həll edən, uzunmüddətli və sistemli Dövlət Proqramının hazırlanması zəruri idi. Qəbul edilən proqram Bakı şəhərini, onun ətraf qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə etməklə regionun su təsərrüfatında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.

Dövlət Proqramının icrası iki mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə, yəni 2026–2030-cu illərdə mövcud su və kanalizasiya sistemlərinin əsaslı şəkildə yenilənməsi, yağış sularının idarə olunması üzrə müasir yanaşmaların tətbiqi, tullantı sularının təkrar istifadəsi və “ağıllı su sistemləri”nin qurulması nəzərdə tutulur. Eyni zamanda kanalizasiya infrastrukturu olmayan yaşayış məntəqələrində yeni şəbəkələrin yaradılması və su itkilərinin azaldılması istiqamətində ardıcıl tədbirlər görüləcəkdir.

2031–2035-ci illəri əhatə edən ikinci mərhələdə isə yeni su anbarlarının və nasos stansiyalarının inşası, su təchizatının fasiləsizliyinin təmin edilməsi, həmçinin müasir xidmət və idarəetmə mexanizmlərinin tətbiqi prioritet olacaqdır. Proqramın uğurla icrası nəticəsində içməli su mənbələrinin davamlılığı güclənəcək, su paylayıcı şəbəkələr modernləşdiriləcək, uçot və nəzarət sistemi təkmilləşdiriləcək, ekoloji tarazlığın qorunması təmin olunacaqdır.

Bu mühüm Dövlət Proqramı bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və ölkənin uzunmüddətli inkişafının təmin olunması dayanır.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının

sədr müavini