HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Qubadlıda Böyük Qayıdış: Zəfərin bəhrələri və yeni inkişaf mərhələsi

Abbas Aliyev

Abbas Aliyev

YAP Abşeron bölge teşkilatı başkanı...

Profili Göstər
Qubadlıda Böyük Qayıdış: Zəfərin bəhrələri və yeni inkişaf mərhələsi
Qubadlıda Böyük Qayıdış: Zəfərin bəhrələri və yeni inkişaf mərhələsi

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma siyasəti dövlətimizin strateji hədəflərinin mühüm istiqamətlərindən biridir. Bu siyasətin nəticələri Qubadlı rayonunda da aydın şəkildə özünü göstərir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş şəhərdə bu gün yeni yaşayış məhəllələri salınır, kəndlər bərpa edilir, nəqliyyat əlaqələri genişləndirilir və əhalinin doğma torpaqlarına qayıdışı üçün zəruri şərait yaradılır. Qubadlının dirçəlişi tarixi Qələbənin davamı, milli iradənin təzahürü və Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

25 Oktyabr – Qubadlı şəhəri günü bu baxımdan xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Həmin tarix xalqımızın azadlıq mübarizəsini, Azərbaycan əsgərinin qəhrəmanlığını və dövlətimizin ərazi bütövlüyünü bərpa etmək əzmini təcəssüm etdirir. Bu gün Qubadlı yalnız hərbi Zəfərin rəmzi deyil, həm də quruculuq, yenilənmə və doğma yurda qayıdış prosesinin mühüm ünvanlarından biridir.

Qubadlının taleyi uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinin ağır nəticələrini əks etdirib. 1993-cü il avqustun 31-də rayonun işğal olunması nəticəsində minlərlə sakin doğma evindən didərgin düşüb. Yaşayış məntəqələri dağıdılıb, sosial və iqtisadi infrastruktur ciddi zərər görüb, insanların normal həyat fəaliyyəti üçün vacib olan obyektlər yararsız vəziyyətə salınıb. Qubadlı sakinləri uzun illər doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayıblar. Bu ümid xalqımızın milli yaddaşında qorunub saxlanılıb və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin mənəvi dayaqlarından birinə çevrilib.

2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirərək işğal altındakı ərazilərin azad edilməsinə nail oldu. Bu müharibə dövlətimizin hərbi gücünü, xalqımızın birliyini və milli maraqların müdafiəsi istiqamətində nümayiş etdirdiyi qətiyyəti bütün dünyaya göstərdi.

Qubadlı istiqamətində aparılan hərbi əməliyyatlar Vətən müharibəsinin mühüm mərhələlərindən biri kimi yadda qaldı. Şəhərin və ətraf ərazilərin strateji mövqeyi döyüşlərin gedişində xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan hərbçilərinin göstərdiyi şücaət və əzmkarlıq nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Sonrakı günlərdə rayonun digər yaşayış məntəqələrinin də azad olunması bölgədə hərbi əməliyyatların uğurla davam etdirilməsinə şərait yaratdı.

Bu Qələbə Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamını möhkəmləndirdi. Qubadlının azad edilməsi doğma torpaqlarından didərgin düşmüş insanlar üçün yeni ümidlər yaratdı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlaması üçün imkanlar açdı. Şəhərin azadlığı uğrunda döyüşlərdə iştirak edən hərbi qulluqçuların xidmətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi də bu qəhrəmanlıq tarixinin mühüm hissəsidir. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalının təsis edilməsi və hərbi qulluqçuların bu medalla təltif olunması Vətən qarşısında göstərilən fədakarlığa verilən dəyərin ifadəsidir.

Bu gün əsas diqqət tarixi Zəfərin nəticələrinin möhkəmləndirilməsinə, azad edilmiş ərazilərdə dayanıqlı həyat şəraitinin yaradılmasına və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsinə yönəlib. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan çərçivəsində nəzərdə tutulan tədbirlər şəhərin gələcək simasının formalaşdırılmasına xidmət edir. Müasir şəhərsalma prinsiplərinin tətbiqi, yaşayış məntəqələrinin planlı şəkildə qurulması, kommunal xidmətlərin təşkili və sosial infrastrukturun yaradılması rayonun uzunmüddətli inkişafı üçün əsas yaradır.

Şəhərdə yeni yaşayış məhəlləsinin inşasına başlanılması bu prosesin mühüm mərhələlərindən biridir. Ümumi sahəsi 3,34 hektar olan ərazidə 21 binanın və 176 mənzilin tikintisi nəzərdə tutulur. Layihə müasir yaşayış şəraitinin yaradılması ilə yanaşı, şəhər həyatının mərhələli şəkildə bərpasına da töhfə verəcək. Məqsəd insanların yalnız mənzillə təmin olunması deyil, onların rahat yaşaya, işləyə və sosial xidmətlərdən yararlana biləcəyi əlverişli mühit formalaşdırmaqdır.

Qubadlının kəndlərində görülən işlər də Böyük Qayıdışın əhatə dairəsini genişləndirir. Mahruzlu və Zilanlı kəndlərində həyata keçirilən yenidənqurma layihələri kənd yaşayış məntəqələrinin dirçəldilməsinə yönəlib. Mahruzluda birinci mərhələdə 190, Zilanlıda isə 159 evin tikintisinin planlaşdırılması əhalinin doğma yurdlarına qayıdışı üçün mühüm imkanlar yaradır. Bu layihələrin həyata keçirilməsi kənd təsərrüfatının bərpası, yerli məşğulluğun artırılması və ənənəvi yaşayış mühitinin yenidən formalaşdırılması baxımından da əhəmiyyətlidir.

Bölgənin iqtisadi inkişafı üçün müasir nəqliyyat infrastrukturunun yaradılması xüsusi rol oynayır. Qubadlı–Eyvazlı avtomobil yolunun tikintisi yaşayış məntəqələri arasında əlaqələrin yaxşılaşdırılmasına, əhalinin gündəlik ehtiyaclarının qarşılanmasına və təsərrüfat fəaliyyətinin genişləndirilməsinə xidmət edir. Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi istiqamətində nəzərdə tutulan tədbirlər də rayonun nəqliyyat imkanlarının artırılması və qonşu ərazilərlə iqtisadi əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Qubadlının gələcək inkişafında iqtisadi potensialdan səmərəli istifadə məsələsi də diqqət mərkəzində olmalıdır. Rayonun torpaq ehtiyatları, örüş sahələri və kənd təsərrüfatı imkanları istehsalın bərpası üçün əlverişli zəmin yaradır. Müasir texnologiyaların tətbiqi, fermer təsərrüfatlarının inkişafı, sahibkarlığın təşviqi və yeni iş yerlərinin yaradılması yerli iqtisadiyyatın canlanmasına kömək edə bilər. İqtisadi fəallığın artması isə əhalinin bölgəyə qayıdışını dəstəkləyən əsas amillərdən biridir.

Böyük Qayıdışın uğurlu həyata keçirilməsi üçün infrastruktur layihələri ilə yanaşı, təhsil, səhiyyə, sosial xidmətlər və məşğulluq imkanlarının da inkişaf etdirilməsi vacibdir. İnsanların doğma torpaqlarında uzunmüddətli və təhlükəsiz həyat qurması kompleks yanaşma tələb edir. Bu səbəbdən Qubadlıda aparılan quruculuq işləri şəhərin fiziki bərpası ilə məhdudlaşmır, eyni zamanda sosial həyatın yenidən canlandırılmasını və dayanıqlı inkişaf mühitinin yaradılmasını hədəfləyir.

Oktyabrın 25-nin Qubadlı şəhəri günü kimi qeyd edilməsi xalqımızın tarixi yaddaşının qorunması baxımından da mühüm əhəmiyyətə malikdir. Bu tarix Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, qazilərin və hərbi qulluqçuların qəhrəmanlığının yad edilməsinin, milli birliyin və dövlətçilik dəyərlərinin təbliğinin ifadəsidir. Eyni zamanda, azad edilmiş ərazilərdə həyata keçirilən işlərin nəticələrini qiymətləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək üçün mənəvi əhəmiyyət daşıyır.

Qubadlıda baş verən dəyişikliklər Azərbaycanın müharibədən sonrakı inkişaf mərhələsinin əsas xüsusiyyətlərini aydın göstərir. Dövlətin gücü yalnız torpaqların azad edilməsi ilə deyil, həmin ərazilərdə həyatın bərpası, əhalinin təhlükəsizliyinin və rifahının təmin olunması, iqtisadi imkanların genişləndirilməsi ilə də ölçülür. Qubadlıda aparılan quruculuq tədbirləri bu məqsədlərin həyata keçirilməsinə yönəlmiş ardıcıl fəaliyyətin nümunəsidir.

Bu gün Qubadlı yeni inkişaf mərhələsinə qədəm qoyur. Şəhərdə və kəndlərdə həyata keçirilən layihələr doğma yurda qayıdış üçün real zəmin formalaşdırır, bölgənin sosial-iqtisadi potensialının bərpasına xidmət edir. Tarixi Zəfərlə başlayan yeni mərhələ quruculuq işləri ilə davam edir və Qubadlının gələcəyinə dair ümidləri daha da gücləndirir.

25 Oktyabr – Qubadlı şəhəri günü milli iradənin, qəhrəmanlığın və dövlət qətiyyətinin rəmzi olaraq xalqımızın yaddaşında yaşayacaq. Qubadlının dirçəlişi Azərbaycanın tarixi nailiyyətlərini qorumaq, azad edilmiş torpaqlarda müasir həyat qurmaq və gələcək nəsillərə firavan yaşayış mühiti yaratmaq əzminin təcəssümüdür.

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri