Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı ölkədə idmanın uzunmüddətli və məqsədyönlü dövlət siyasəti əsasında inkişaf etdiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı məqamlar idmanın yalnız yarış nəticələri deyil, eyni zamanda sosial həyatın, gənclər siyasətinin və milli özünüdərkin mühüm tərkib hissəsinə çevrildiyini göstərdi.
2025-ci il ərzində Azərbaycan idmançılarının beynəlxalq arenalarda qazandığı nəticələr bu siyasətin real göstəricisidir. Beynəlxalq yarışlarda 2000-dən artıq medalın, o cümlədən yüzlərlə qızıl medalın əldə olunması ölkəmizin idman potensialının yüksək səviyyədə olduğunu təsdiqləyir. Əldə edilən nailiyyətlərin ildən-ilə artması idmana göstərilən davamlı diqqətin və yaradılan müasir şəraitin nəticəsidir.
Prezident İlham Əliyev çıxışında idmanın inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu xüsusi vurğuladı. Son illər ərzində ölkə üzrə formalaşdırılan müasir idman infrastrukturu bu sahənin kütləviliyini təmin edib. Paytaxtla yanaşı regionlarda da olimpiya idman komplekslərinin istifadəyə verilməsi gənclərin idmana marağını artırmaqla yanaşı, sosial fəallığın yüksəlməsinə şərait yaradıb.
Dövlət başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri sağlam və güclü gənc nəslin formalaşdırılmasıdır. Gənclərin idmana cəlb olunması onların fiziki inkişafı ilə yanaşı, intizamlı, məqsədyönlü və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayır. Sağlam cəmiyyətin təməli məhz bu yanaşma üzərində qurulur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan idmançılarının beynəlxalq arenalarda Dövlət Bayrağını yüksəltməsi cəmiyyətdə qürur hissini daha da gücləndirir. Son illər ərzində əldə olunan uğurlar idmançıların məsuliyyətini artırmaqla yanaşı, onları yeni nailiyyətlərə ruhlandırır.
Bu il ölkəmizdə keçirilmiş III MDB Oyunları Azərbaycanın idman tədbirlərinin yüksək səviyyədə təşkili imkanlarını bir daha nümayiş etdirdi. Bir neçə şəhəri əhatə edən bu mötəbər yarışlar regionlarda yaradılmış infrastrukturun və təşkilati potensialın göstəricisi oldu. Eyni zamanda, Bakıda keçirilən UFC turniri və Formula 1 yarışları Azərbaycanın beynəlxalq idman mərkəzi kimi mövqeyini daha da möhkəmləndirdi.
Gələcək dövr üçün nəzərdə tutulan beynəlxalq yarışlar, o cümlədən Şahdağda keçiriləcək Xizək üzrə Dünya Kuboku ölkəmizin idman və turizm imkanlarının genişləndirilməsinə xidmət edir. Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə həyata keçirilən siyasətə verilən yüksək beynəlxalq qiymətin ifadəsidir.
Prezident İlham Əliyevin idman yekunlarına dair çıxışı bir daha təsdiqlədi ki, idman sahəsində əldə olunan nailiyyətlər ardıcıl siyasətin, strateji baxışın və güclü ictimai dəstəyin nəticəsidir. Bu xəttin davam etdirilməsi qarşıdakı illərdə də yeni uğurların əldə olunmasına möhkəm zəmin yaradır.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini