Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi və regional əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm göstəricisidir. Prezident İlham Əliyevin Zirvə Görüşündə səsləndirdiyi fikirlər ölkəmizin Avropa ilə Asiya arasında iqtisadi, nəqliyyat və rəqəmsal bağlantıların inkişafına verdiyi əhəmiyyəti bir daha ortaya qoyur.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir infrastrukturu və beynəlxalq tərəfdaşlarla qurduğu əlaqələr ölkəmizin regional nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirir. Xüsusilə Orta Dəhlizin inkişafı və rəqəmsal infrastruktur layihələri Asiya ilə Avropa arasında daha səmərəli əlaqələrin qurulmasına yeni imkanlar yaradır.
AQEM çərçivəsində Azərbaycanın təşəbbüsləri yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır. Rəqəmsallaşma, yaşıl enerji, turizm, elm və sahibkarlıq istiqamətlərində əməkdaşlığın genişləndirilməsi təşkilatın fəaliyyətinin daha çevik və müasir çağırışlara uyğun olmasına xidmət edir. Yeni əməkdaşlıq mexanizmlərinin yaradılması və üzv dövlətlər arasında təcrübə mübadiləsinin təşviqi Azərbaycanın bu platformanın inkişafına verdiyi töhfəni göstərir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasının vacibliyi də xüsusi diqqət çəkir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq münasibətlərdə ədalət prinsipinin əhəmiyyətini bir daha gündəmə gətirib. Ölkəmizin regional sülhə və əməkdaşlığa verdiyi önəm isə təhlükəsiz gələcəyin qarşılıqlı etimad və məsuliyyət əsasında qurulmasının vacibliyini göstərir.
Azərbaycanın AQEM-ə sədrliyinin daha iki il müddətinə uzadılması ölkəmizin təşkilat çərçivəsində fəaliyyətinə göstərilən etimadın ifadəsidir. Bu qərar eyni zamanda Azərbaycanın regional dialoqun inkişafında və birgə təşəbbüslərin həyata keçirilməsində üzərinə götürdüyü məsuliyyətin artdığını göstərir.
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı dövrdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, iqtisadi əlaqələrin gücləndirilməsinə və regionda davamlı sülhün təmin olunmasına öz töhfəsini verməyə davam edəcək.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini