20 oktyabr Azərbaycan xalqının yaddaşına Zəngilan şəhərinin işğaldan azad edildiyi şanlı tarix kimi həkk olunub. Bu gün xalqımızın milli qürurunun, dövlətimizin qüdrətinin və Azərbaycan Ordusunun qəhrəmanlığının təcəssümüdür. 2020-ci ildə Vətən müharibəsi zamanı əldə edilən tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli iradəmizin və tarixi ədalətin təntənəsini təmin etdi. Zəngilanın azad olunması isə Azərbaycanın hərbi-siyasi uğurlarının mühüm mərhələlərindən biri kimi tarixə düşdü.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın öz torpaqlarına qayıdışına və işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına yol açdı. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsis edilən şəhər günləri də bu tarixi hadisələrin yaşadılması, gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 20 oktyabrın Zəngilan Şəhəri Günü kimi qeyd edilməsi şəhərin azadlıq tarixinin daim yaşadılmasına xidmət edir.
2020-ci il oktyabrın 20-də Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan rayonunun bir sıra yaşayış məntəqələrinin, o cümlədən Zəngilan şəhərinin azad edildiyini elan etdi. Dövlət başçısının “Zəngilan bizimdir! Qarabağ bizimdir!” bəyanatı həmin gün xalqımızın qəlbində böyük sevinc və qürur hissi yaratdı. Bu sözlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək əzminin, milli birliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrildi.
Vətən müharibəsi zamanı hər bir yaşayış məntəqəsinin azad edilməsi Azərbaycan əsgərinin misilsiz şücaəti, peşəkarlığı və fədakarlığı hesabına mümkün oldu. Çətin relyef şəraiti, möhkəmləndirilmiş müdafiə mövqeləri və düşmənin müqaviməti qarşısında Ordumuzun nümayiş etdirdiyi qəhrəmanlıq xalqımızın hərbi tarixində xüsusi yer tutur. Zəngilanın azadlığı da məhz bu mübarizənin, dövlət-xalq-ordu birliyinin və Ali Baş Komandanın qətiyyətli siyasətinin nəticəsidir.
Bu gün Zəngilanın timsalında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri Azərbaycanın sülhə, inkişafa və tərəqqiyə əsaslanan siyasətinin mahiyyətini nümayiş etdirir. Vaxtilə erməni işğalı nəticəsində dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, müasir infrastruktur yaradılır, insanların doğma yurdlarına qayıdışı təmin edilir. Böyük Qayıdış proqramının ardıcıl icrası dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərdən birinin – keçmiş məcburi köçkünlərin təhlükəsiz və layiqli yaşayış şəraitində doğma torpaqlarına qayıtmasının reallaşmasına xidmət edir.
Zəngilan rayonunun Ağalı kəndi bu prosesin ən parlaq nümunələrindəndir. Ölkəmizdə ilk “ağıllı kənd” layihəsinin burada həyata keçirilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış modeli formalaşdırmaq niyyətini əks etdirir. Layihə çərçivəsində kənddə yaşayış evləri, sosial obyektlər, təhsil və səhiyyə infrastrukturu, eləcə də sakinlərin gündəlik ehtiyaclarını qarşılayan xidmət sahələri yaradılıb. Rəqəmsal texnologiyaların tətbiqi, alternativ enerji mənbələrindən istifadə və ekoloji tarazlığın qorunması Ağalının müasir kənd təsərrüfatı və yaşayış məkanı kimi inkişafına zəmin yaradır.
2022-ci ilin may ayından etibarən Ağalı sakinlərinin doğma kəndlərinə qayıtması Böyük Qayıdış tarixində mühüm hadisə oldu. Bu qayıdış yalnız insanların evlərinə dönməsi deyil, həm də uzun illər ayrılıq həsrəti ilə yaşayan ailələrin öz torpaqlarında yeni həyata başlaması deməkdir. Hazırda Zəngilan rayonunda yaşayış məntəqələrinin bərpası, yeni iş yerlərinin yaradılması və sosial xidmətlərin genişləndirilməsi istiqamətində görülən işlər bu prosesin davamlılığını təmin edir.
Zəngilan şəhərinin gələcək inkişafı da dövlətin uzunmüddətli planlarına uyğun şəkildə həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi burada müasir şəhərsalma prinsipləri əsasında yaşayış və ictimai məkanların formalaşdırılması üçün mühüm əsas yaradıb. Yeni yaşayış komplekslərinin inşası, mühəndis-kommunikasiya sistemlərinin yenilənməsi və sosial infrastrukturun qurulması şəhərin mərhələli şəkildə əvvəlki həyat ritminə qayıtmasına şərait yaradır.
Zəngilanın inkişafında nəqliyyat və logistika imkanları da xüsusi əhəmiyyət kəsb edir. Rayonun strateji coğrafi mövqeyi onun Azərbaycanın regional nəqliyyat əlaqələrində mühüm mərkəzlərdən birinə çevrilməsinə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat əlçatanlığını artırmaqla yanaşı, iqtisadi əlaqələrin genişlənməsinə və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir. Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xəttinin, eləcə də Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun inşası isə yük və sərnişin daşımalarının genişləndirilməsi, sahibkarlığın inkişafı və regionun iqtisadi potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması, əhalinin məşğulluğunun təmin olunması və dayanıqlı inkişaf modelinin formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, Zəngilanda yaradılan “Dost Aqropark” layihəsi xüsusi diqqətə layiqdir. Aqrar istehsal və heyvandarlıq sahələrini əhatə edən belə təşəbbüslər bölgənin iqtisadi imkanlarının reallaşdırılmasına, yeni iş yerlərinin açılmasına və yerli əhalinin rifahının yüksəldilməsinə xidmət edir.
Zəngilanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də rayonun artan nüfuzunun göstəricisidir. 2023-cü ildə burada keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumu işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətli platforma oldu. Bu cür tədbirlər Azərbaycanın şəhərsalma, dayanıqlı inkişaf və müasir yaşayış mühitinin yaradılması sahəsində əldə etdiyi təcrübənin bölüşdürülməsinə, eyni zamanda, ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, dövlətimizin iqtisadi imkanlarının və xalqımızın birliyinin nəticəsidir. Azad edilmiş ərazilərdə quruculuq işlərinin sistemli şəkildə aparılması, yeni yaşayış məntəqələrinin salınması və insanların doğma yurdlarına köçürülməsi Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir.
Zəngilanın bugünkü mənzərəsi bir daha göstərir ki, Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməklə kifayətlənməyib, həmin ərazilərdə yeni həyat qurmaq əzmini də nümayiş etdirir. Dağıntıların yerini müasir binalar, boş qalmış torpaqları quruculuq meydanları, illərlə davam edən həsrəti isə doğma yurda qayıdış sevinci əvəz edir.
20 oktyabr – Zəngilan Şəhəri Günü xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin müqəddəs xatirəsini və qazilərimizin fədakarlığını ehtiramla yad etmək üçün də mühüm gündür. Bu tarix bizə azadlığın hansı çətinliklər və qurbanlar bahasına əldə edildiyini xatırladır, müstəqil Azərbaycanın daha da güclənməsi naminə hər birimizi məsuliyyətli olmağa çağırır.
Əminliklə demək olar ki, Zəngilan qarşıdakı illərdə də inkişaf edən, iqtisadi potensialı genişlənən, müasir infrastrukturu və rahat yaşayış şəraiti ilə seçilən bölgələrimizdən biri olacaq. Zəngilanın dirçəlişi Azərbaycanın tarixi Zəfərinin davamı, milli birliyimizin və dövlətimizin gücünün təzahürüdür.
Zəngilan azaddır, yenidən qurulur və gələcəyə inamla addımlayır. Bu qürurlu tarix xalqımızın yaddaşında daim yaşayacaq.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri