HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: yeni dövrün çağırışları və strateji hədəflər

Abbas Aliyev

Abbas Aliyev

YAP Abşeron bölge teşkilatı başkanı...

Profili Göstər
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: yeni dövrün çağırışları və strateji hədəflər
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı: yeni dövrün çağırışları və strateji hədəflər

 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2026-cı il oktyabrın 2-də Bakıda keçirilən Partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm siyasi əhəmiyyətə malikdir. Dövlət başçısının çıxışında milli dövlətçilik ənənələrinin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələr geniş şəkildə əks olunub.

Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyi şəraitdə keçirilməsi ölkəmizin siyasi tarixində xüsusi yer tutur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində suverenliyin tam təmin olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin əsasını qoyub. Bu nailiyyətlər xalqımızın iradəsinin, milli birliyinin və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir.

Prezident İlham Əliyevin qurultaydakı çıxışı göstərir ki, əldə olunmuş tarixi uğurlar Azərbaycanın qarşısında yeni vəzifələr müəyyənləşdirir. Müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, müxtəlif regionlarda davam edən münaqişələr və təhlükəsizlik riskləri ölkəmizin müdafiə potensialının daim gücləndirilməsini tələb edir. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan öz milli maraqlarını qorumaq, müstəqil siyasətini davam etdirmək və gələcək nəsillər üçün təhlükəsiz şərait yaratmaq məqsədilə bütün imkanlarından səmərəli istifadə etməlidir.

Müasir Azərbaycanın inkişafının təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətdən çıxarılması, müstəqilliyin qorunması və sabit inkişaf yolunun müəyyənləşdirilməsi zərurətindən meydana gəlib. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və iqtisadi islahatların həyata keçirilməsi baxımından həlledici rol oynayıb.

Həmin dövrdə müəyyənləşdirilən inkişaf strategiyası Azərbaycanın beynəlxalq təcriddən çıxmasına, xarici investisiyaların cəlb edilməsinə və iqtisadi potensialının gücləndirilməsinə şərait yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin enerji siyasətində yeni mərhələnin başlanğıcı olub. Bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs dövlət müstəqilliyinin qorunmasına, iqtisadi gücün artırılmasına və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə xidmət edir.

VIII Qurultayda diqqət yetirilən əsas məsələlərdən biri də ideoloji təhlükəsizliyin təmin olunmasıdır. Müasir dövrdə informasiya texnologiyalarının, sosial şəbəkələrin və süni intellektin sürətli inkişafı cəmiyyət qarşısında yeni çağırışlar yaradır. Dezinformasiya və informasiya təxribatlarının qarşısının alınması, vətəndaşların düzgün məlumatlandırılması və milli-mənəvi dəyərlərin qorunması dövlət təhlükəsizliyinin mühüm tərkib hissəsinə çevrilib. Bu baxımdan, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və dövlətçilik düşüncəsinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Dövlət başçısının çıxışında iqtisadi və sosial məsələlərə də geniş yer verilib. Əhalinin rifahının yaxşılaşdırılması məqsədilə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılmasının nəzərdə tutulması iqtisadi inkişafın sosial nəticələrinin vətəndaşların həyatında əks olunmasına yönəlib. Bu siyasətin davamlılığı üçün iqtisadi potensialın gücləndirilməsi, investisiyaların cəlb edilməsi və yeni iş imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışında qeyd olunan məlumatlara əsasən, son iki ildə Beynəlxalq İnvestisiya Forumları çərçivəsində imzalanmış müqavilələrin ümumi həcmi 20 milyard dolları ötüb. Bu göstərici Azərbaycanın investisiya imkanlarının genişləndirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinə xarici sərmayələrin cəlb edilməsi baxımından əhəmiyyətlidir. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi ölkənin uzunmüddətli iqtisadi dayanıqlılığının möhkəmləndirilməsinə xidmət edir.

Azərbaycanın nəqliyyat və logistika imkanlarının artırılması da yeni inkişaf mərhələsinin mühüm istiqamətlərindəndir. Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ölkəmizin tranzit potensialının genişləndirilməsi üçün böyük imkanlar yaradır. Dövlət başçısının qarşıya qoyduğu hədəfə əsasən, orta müddətdə Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 30 milyon tona çatdırılması nəzərdə tutulur. Bu məqsədin reallaşdırılması ölkəmizə əlavə iqtisadi gəlirlər qazandırmaqla yanaşı, yeni iş yerlərinin yaradılmasına və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunun artmasına şərait yaradacaq.

Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Qurultayda səsləndirilən məlumata görə, həmin ərazilərdə 96 min insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, keçmiş məcburi köçkünlərin 48 yaşayış məntəqəsində məskunlaşması təmin edilib. Bu göstəricilər azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin əhatəsini və “Böyük Qayıdış” proqramının əhəmiyyətini nümayiş etdirir.

Qarabağ və Şərqi Zəngəzurda müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin bərpası, sosial xidmətlərin təşkili və iqtisadi imkanların reallaşdırılması həmin ərazilərin ölkəmizin ümumi inkişafına inteqrasiyasını sürətləndirir. Qarşıdakı dövrdə bu prosesin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması və insanların doğma torpaqlarında dayanıqlı yaşayış şəraiti ilə təmin olunması əsas vəzifələrdən biri olacaq.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiyanın gələcək fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev partiya üzvlərinin qarşıda duran tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəklərinə əminliyini ifadə edib. Bu yanaşma Yeni Azərbaycan Partiyasının yalnız təşkilati fəaliyyətinin deyil, həm də cəmiyyətlə əlaqələrinin, ideoloji işinin və dövlətçilik dəyərlərinin təbliğinin müasir tələblərə uyğun qurulmasının vacibliyini göstərir.

YAP-ın yerli təşkilatlarının üzərinə düşən əsas vəzifələrdən biri qurultayda müəyyənləşdirilən istiqamətləri öz fəaliyyətində rəhbər tutmaq, vətəndaşlarla əlaqələri gücləndirmək, gənclərin ictimai fəallığını artırmaq və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verməkdir. Müasir dövrdə siyasi təşkilatın fəaliyyəti cəmiyyətin ehtiyaclarını nəzərə almaq, ictimai dialoqu inkişaf etdirmək və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində məsuliyyətli mövqe nümayiş etdirməklə daha da səmərəli ola bilər.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tarixi nailiyyətlərin qorunması və yeni strateji hədəflərin reallaşdırılması baxımından mühüm siyasi hadisədir. Qarşıdakı mərhələdə güclü dövlətçilik, iqtisadi müstəqillik, milli təhlükəsizlik, sosial rifah və ideoloji dayanıqlılıq ölkəmizin inkişafında əsas istiqamətlər olaraq qalacaq.

Azərbaycanın qazandığı tarixi uğurların möhkəmləndirilməsi və yeni nailiyyətlərin əldə olunması dövlət qurumlarının, siyasi təşkilatların və bütövlükdə cəmiyyətin birgə səylərini tələb edir. Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini bu strateji məqsədlərə uyğun quraraq ölkəmizin davamlı inkişafına və milli həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdə davam edəcək.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri