Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət qarşısında duran əsas vəzifələrdən biri xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması və onların Azərbaycanın milli maraqlarının müdafiəsi işinə cəlb olunması olmuşdur. Diaspor quruculuğu prosesi ölkəmizin dövlət siyasətində daim prioritet istiqamətlərdən biri kimi qiymətləndirilmişdir. Dünya azərbaycanlılarının vahid ideya və müstəqil Azərbaycan dövləti ətrafında birləşdirilməsi konsepsiyasının banisi isə Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərara əsasən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilmişdir. Bu tarixi qərar milli-mənəvi birliyin möhkəmlənməsinə, azərbaycançılıq ideyası ətrafında ümumdünya həmrəyliyinin formalaşmasına mühüm təkan vermişdir. Bu gün Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur və diaspor həyatının əsas rəmzlərindən birinə çevrilib.
Tarixi proseslər nəticəsində azərbaycanlılar dünyanın müxtəlif bölgələrində məskunlaşmış, bu gün Rusiya, MDB məkanı, Avropa ölkələri, Amerika qitəsi və Yaxın Şərqdə güclü Azərbaycan icmaları formalaşmışdır. Qloballaşan dünyada diaspor artıq sadəcə miqrant icması deyil, milli maraqların beynəlxalq müstəvidə müdafiəçisi kimi çıxış edir. Azərbaycan diasporu da bu prosesdə fəal iştirak edərək yaşadıqları ölkələrin ictimai-siyasi həyatında öz mövqelərini möhkəmləndirir.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı diaspor siyasətində əsaslı dönüş yaratdı. Soydaşlarımızın Vətənlə əlaqələrinin gücləndirilməsi, milli kimliyin qorunması və diaspor potensialından dövlət maraqları naminə istifadə olunması istiqamətində ardıcıl və sistemli addımlar atıldı. 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı bu siyasətin mühüm mərhələsi oldu. Ardınca Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması diaspor fəaliyyətinin koordinasiyasını daha da gücləndirdi.
Bu gün Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, xüsusilə informasiya müharibəsi şəraitində mühüm rol oynayırlar. Prezident İlham Əliyev çıxışlarında diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətinin, gənclərin bu prosesə fəal cəlb olunmasının vacibliyini dəfələrlə vurğulamışdır.
İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər dünya azərbaycanlılarının birliyini açıq şəkildə nümayiş etdirdi. Diaspor təşkilatları beynəlxalq aləmdə Azərbaycanın haqq işini qətiyyətlə müdafiə etdilər. Azad Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı isə bu birliyin və milli qürurun simvoluna çevrildi. Prezident İlham Əliyevin “Zəfər Qurultayı” adlandırdığı bu toplantı postmünaqişə dövründə diaspor fəaliyyətinin yeni istiqamətlərini müəyyənləşdirdi.
Bu gün Azərbaycan qalib, güclü və gələcəyə inamla baxan dövlətdir. Dövlət suverenliyinin tam bərpası və ərazi bütövlüyünün təmin olunması xalq-iqtidar birliyinin nəticəsidir. Bu yolda həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi Azərbaycanın ən böyük güc mənbələrindən biri olaraq qalır.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini