HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan və Mərkəzi Asiya: Tarixi Qardaşlıqdan Strateji Birliyə Doğru

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycan və Mərkəzi Asiya: Tarixi Qardaşlıqdan Strateji Birliyə Doğru
Azərbaycan və Mərkəzi Asiya: Tarixi Qardaşlıqdan Strateji Birliyə Doğru

 

Müasir dünyada dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlığın genişləndirilməsi, regional əlaqələrin möhkəmləndirilməsi və ortaq maraqların uzlaşdırılması dayanıqlı inkişafın mühüm şərtlərindən biridir. Bu baxımdan Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında münasibətlərin son illərdə qazandığı yeni məzmun xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər qarşılıqlı əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm siyasi əhəmiyyət kəsb edir. Tarixi yaxınlıq, ortaq mədəni irs və mənəvi bağlılıq üzərində qurulan münasibətlər hazırda konkret layihələr və uzunmüddətli strateji hədəflərlə zənginləşərək yeni inkişaf mərhələsini yaşayır.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə Mərkəzi Asiya dövlətlərinin göstərdiyi dəstək xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu ölkələrin rəhbərlərinin təşəbbüsləri əsasında Qarabağ və Şərqi Zəngəzurda təhsil, mədəniyyət və sosial infrastruktur obyektlərinin yaradılması dostluğun yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, real əməllərlə möhkəmləndiyini göstərir. Özbəkistanın Füzuli şəhərində inşa etdiyi Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstanın Azərbaycan xalqına hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, eləcə də Qırğızıstanın Ağdam rayonunda inşasına dəstək verdiyi Manas adına məktəb bu həmrəyliyin diqqətəlayiq nümunələridir. Sözügedən layihələr gələcək nəsillərin maariflənməsinə xidmət etməklə yanaşı, Azərbaycanla Mərkəzi Asiya xalqları arasında mənəvi bağlılığın daha da güclənməsinə töhfə verir. Bu təşəbbüslər, eyni zamanda, Böyük Qayıdış prosesinə göstərilən dəstəyin və ortaq gələcəyə inamın ifadəsidir.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji sahəsidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və tranzit imkanları regionun enerji resurslarının dünya bazarlarına çatdırılmasında ölkəmizin rolunu artırır. Türkmənistan və Qazaxıstandan hasil edilən neftin Azərbaycan ərazisi vasitəsilə daşınması iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat marşrutlarının şaxələndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Bu istiqamətdə tranzit imkanlarının artırılması həm enerji ixracatçılarının, həm də nəqliyyat xidmətləri göstərən ölkələrin maraqlarına uyğundur.

Enerji əməkdaşlığının perspektivləri ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji sahəsini də əhatə edir. Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın bu istiqamətdə birgə fəaliyyəti regionda yaşıl enerji istehsalının və ixracının inkişafı üçün yeni imkanlar açır. Yaşıl enerji dəhlizinin yaradılmasına yönələn təşəbbüslər Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə Avropa bazarlarına çatdırılmasını hədəfləyir. Belə layihələr enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji baxımdan daha təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi və region ölkələrinin beynəlxalq enerji sistemində mövqelərinin gücləndirilməsi baxımından mühüm perspektivlər vəd edir. Eyni zamanda, bu əməkdaşlıq Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşmasına və regional inteqrasiyanın dərinləşməsinə xidmət edir.

Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlərin əhəmiyyəti iqtisadiyyat, enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. Siyasi dialoqun intensivləşməsi, qarşılıqlı maraqlara əsaslanan qərarların qəbul edilməsi və təhlükəsizlik məsələlərində ortaq mövqelərin formalaşdırılması da bu tərəfdaşlığın mühüm tərkib hissəsidir. Region ölkələrində sabitliyin qorunması, milli maraqların təmin edilməsi və əlverişli inkişaf mühitinin yaradılması birgə təşəbbüslərin uğuru üçün vacib şərtlərdir. Dövlət başçıları arasında mövcud olan siyasi iradə, etimad və qarşılıqlı hörmət münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradır.

Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi bir şəraitdə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin birgə fəaliyyəti onların beynəlxalq mövqelərinin güclənməsinə, regional təhlükəsizliyin qorunmasına və yeni inkişaf imkanlarının yaranmasına töhfə verir. Ortaq tarixi köklərə söykənən bu əməkdaşlıq qarşılıqlı dəstək, iqtisadi tərəqqi və uzunmüddətli strateji maraqlar əsasında gələcəyə doğru irəliləyir. Münasibətlərin ardıcıl şəkildə inkişaf etdirilməsi xalqlarımızın rifahının yüksəldilməsi, regionda sülhün möhkəmləndirilməsi və gələcək nəsillərə daha təhlükəsiz, sabit və firavan mühitin ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini