HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Dünya Azərbaycanlılarının Həmrəyliyi – milli birliyimizin təcəssümü

Abbas Aliyev

Abbas Aliyev

YAP Abşeron bölge teşkilatı başkanı...

Profili Göstər
Dünya Azərbaycanlılarının Həmrəyliyi – milli birliyimizin təcəssümü
Dünya Azərbaycanlılarının Həmrəyliyi – milli birliyimizin təcəssümü

Azərbaycan xalqının milli-mənəvi birliyini, dövlətçilik düşüncəsini və ümummilli ideallara sadiqliyini özündə ehtiva edən mühüm tarixlərdən biri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu əlamətdar gün xalqımızın tarixi yaddaşında milli azadlıq mübarizəsinin, birlik və həmrəyliyə aparan yolun məntiqi nəticəsi kimi dərin məna kəsb edir.

Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün mahiyyətini belə ifadə etmişdir:
“Dünya azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Bu gün qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirir, hər bir azərbaycanlı üçün inam və ümid anıdır.”

Dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayıb fəaliyyət göstərsə də, onların milli-mənəvi varlığını, kimliyini və dəyərlərini qoruyan yeganə ünvan müstəqil və suveren Azərbaycan Respublikasıdır. Məhz bu baxımdan dünya azərbaycanlılarının birliyi ideyasının əsasında Azərbaycan dövlətçiliyinə, ana dilimizə, milli-mənəvi dəyərlərimizə və ümumbəşəri prinsiplərə hörmət dayanır.

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamışdır. Xarici ölkələrə etdiyi səfərlər zamanı iş qrafikinin gərginliyinə baxmayaraq, orada yaşayan soydaşlarımızla görüşlər keçirir, onların problemləri ilə maraqlanır, təşkilatlanma prosesinin gücləndirilməsi üçün mühüm tövsiyələr verirdi. Bu fəaliyyət xalqımızın ideoloji birliyinin möhkəmlənməsində mühüm rol oynamışdır.

Milli həmrəyliyin hüquqi əsaslarını formalaşdıran tarixi qərar 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında qəbul edilmişdir. Həmin iclasda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərar verilmiş, daha sonra Azərbaycan Respublikasının Ali Soveti tərəfindən bu gün rəsmi bayram elan edilmişdir. Bu addım bütün dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirən mühüm siyasi və ideoloji hadisə oldu.

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın təşkilatlanması, milli kimlik şüurunun gücləndirilməsi baxımından mühüm mərhələ oldu. Ardınca Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının birliyini daha da möhkəmləndirdi.

Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində dünya azərbaycanlıları arasında əlaqələr daha da möhkəmlənmiş, milli maraqlarımızın beynəlxalq müstəvidə müdafiəsi güclənmişdir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda fəal rol oynayırlar.

Xüsusilə son illərdə əldə etdiyimiz tarixi Zəfər dünya azərbaycanlılarının həmrəyliyinə yeni ruh gətirmişdir. 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri bir daha sübut etdi ki, Azərbaycan xalqı monolit bir qüvvədir. “Dəmir yumruq” milli birliyimizin və gücümüzün rəmzinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” xalqımızın birliyinin simvoludur və hər zaman yerindədir.

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yalnız bayram deyil, həm də milli qürur, dövlətçilik məsuliyyəti və gələcəyə inam günüdür. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu birliyin ayrılmaz hissəsidir və bu həmrəylik Azərbaycan dövlətinin daha da güclənməsinə xidmət edir.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri