Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın yaratdığı yeni reallığın beynəlxalq ictimaiyyət tərəfindən birbaşa müşahidə olunması baxımından mühüm hadisədir. Xarici diplomatların işğaldan azad edilmiş ərazilərə səfəri zamanı burada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri, insanların öz doğma torpaqlarına qayıdışı və tarixi-mədəni irsin qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Təəssüf doğuran məqam səfərin Ermənistanın bəzi siyasi və ictimai dairələrində narazılıqla qarşılanmasıdır. Xarici diplomatların Azərbaycanın müxtəlif bölgələrinə səfər etməsi tamamilə normal diplomatik fəaliyyətdir. Bu səfərin Ermənistan tərəfindən siyasi müzakirə predmetinə çevrilməsi isə Azərbaycanın suverenliyinə münasibətdə köhnə yanaşmaların müəyyən dairələrdə hələ də davam etdiyini göstərir.
Azərbaycanın Qarabağ üzərində suverenliyi artıq mübahisə predmeti deyil. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edilməsi ilə regionda yeni siyasi reallıq formalaşıb. Bu gün Qarabağda Azərbaycan qanunları qüvvədədir, genişmiqyaslı quruculuq işləri aparılır və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur.
Səfər zamanı Gəncəsər və Xudavəng kimi tarixi abidələrə göstərilən diqqət də Ermənistanın bəzi dairələrində etirazla qarşılanıb. Azərbaycan bu abidələrin Qafqaz Albaniyasının xristian irsi ilə bağlılığını vurğulayır. Ermənistan tərəfinin isə bununla bağlı fərqli mövqeyi mövcuddur. Tarixi irslə bağlı fikir ayrılıqlarının olması mümkündür, lakin bu məsələlərin siyasi qarşıdurma və düşmənçilik vasitəsinə çevrilməsi yolverilməzdir.
Azərbaycanın mövqeyi aydındır: ölkə ərazisində yerləşən bütün tarixi və dini abidələr qorunmalıdır. Eyni prinsip Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlıların yaratdığı mədəni irsə də tətbiq edilməlidir. Məscidlərin, qəbiristanlıqların, yaşayış məntəqələrinin və digər tarixi-mədəni nümunələrin taleyi də obyektiv araşdırılmalı, tarixi faktların siyasiləşdirilməsinə yol verilməməlidir.
Ermənistan cəmiyyətində ayrı-ayrı dairələrin hələ də Qarabağ məsələsinə keçmiş münaqişə prizmasından yanaşması sülh prosesinin ruhuna uyğun deyil. Regionda yeni reallıq yaranıb və bu reallıqdan geri qayıtmaq mümkün deyil. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının və regionda davamlı sülhün tərəfdarı olduğunu dəfələrlə bəyan edib. Bunun üçün qarşılıqlı olaraq suverenliyə və ərazi bütövlüyünə hörmət edilməli, revanşist ritorikadan uzaqlaşılmalıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, cəmiyyətlər arasında sülhün möhkəmlənməsi yalnız siyasi sənədlərin imzalanmasından asılı deyil. Bunun üçün hər iki tərəfdə ictimai düşüncənin də dəyişməsi, düşmənçilik ritorikasının azalması və yeni münasibətlərə uyğun yanaşmanın formalaşması vacibdir.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycan həqiqətlərinin birbaşa müşahidə edilməsi baxımından əhəmiyyətlidir. Diplomatların gördüyü Azərbaycan reallığı siyasi iddialardan deyil, konkret faktlardan ibarətdir: dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, yeni yolların və infrastrukturların yaradılması, əhalinin geri qayıtması və bölgənin iqtisadi potensialının bərpası.
Ermənistanın bəzi dairələri anlamalıdırlar ki, regionun gələcəyini keçmişin qarşıdurma ritorikası müəyyən edə bilməz. Cənubi Qafqazın gələcəyi sülh, əməkdaşlıq, qarşılıqlı hörmət və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində qurulmalıdır.
Azərbaycan öz ərazisində quruculuq prosesini bundan sonra da davam etdirəcək. Qarabağ və Şərqi Zəngəzur dirçəlir və burada yeni həyat formalaşır. Bu reallığın qəbul edilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun sabitliyi və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini