HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Azərbaycan–Özbəkistan strateji müttəfiqliyi yeni mərhələdə

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Azərbaycan–Özbəkistan strateji müttəfiqliyi yeni mərhələdə
Azərbaycan–Özbəkistan strateji müttəfiqliyi yeni mərhələdə

 

Azərbaycan və Özbəkistanı bir-birinə bağlayan münasibətlər yalnız dövlətlərarası əməkdaşlıqla məhdudlaşmır. Ortaq tarixi keçmiş, milli-mədəni yaxınlıq, mənəvi dəyərlər və xalqlarımız arasındakı qarşılıqlı rəğbət bu əlaqələrin möhkəm əsasını təşkil edir. Son illərdə dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə nəticəsində həmin möhkəm təməl strateji tərəfdaşlıqdan daha yüksək səviyyədə olan müttəfiqlik münasibətlərinə çevrilib.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan əlaqələrinin dinamik inkişafının növbəti göstəricisi kimi yadda qaldı. Daşkənddə keçirilən görüşlər və aparılan müzakirələr zamanı siyasi dialoqun dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika, enerji və humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində oldu. Bu proses Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə fəaliyyət üçün də yeni imkanlar yaradır.

İki ölkə arasında iqtisadi münasibətlərin daha da gücləndirilməsi qarşıda duran əsas prioritetlərdəndir. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi və sənaye sahəsində birgə istehsal imkanlarının genişləndirilməsi üçün böyük potensial mövcuddur. Energetika, kənd təsərrüfatı, avtomobil sənayesi və toxuculuq kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi həm Azərbaycan, həm də Özbəkistan üçün yeni iqtisadi imkanlar formalaşdırır. Qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması ilə bağlı müəyyənləşdirilən hədəf də bu potensialın göstəricisidir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Azərbaycan–Özbəkistan tərəfdaşlığının regional əhəmiyyətini daha da artırır. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin yüksəldiyi indiki mərhələdə iki ölkənin nəqliyyat sistemlərinin əlaqələndirilməsi mühüm perspektivlər vəd edir. Özbəkistanın istehsal etdiyi məhsulların Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi regional ticarətin inkişafına ciddi töhfə verə bilər.

Bu əməkdaşlıqda humanitar və mədəni istiqamət də xüsusi yer tutur. Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesinə Özbəkistanın göstərdiyi dəstək iki xalq arasındakı qardaşlığın real nümunələrindən biridir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa edilməsi dostluq münasibətlərinin yalnız siyasi bəyanatlarla deyil, konkret layihələrlə də ifadə olunduğunu göstərir. Belə təşəbbüslər xalqlarımız arasındakı mənəvi bağları daha da möhkəmləndirir.

Səfərin mühüm nəticələrindən biri iki dövlət arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və müxtəlif istiqamətləri əhatə edən digər sənədlərin imzalanması oldu. Bu sənədlər Azərbaycan və Özbəkistan arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, qarşıdakı dövrdə yeni birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

Dövlət başçılarının iştirakı ilə keçirilən görüşlərdə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi də diqqət çəkən məsələlər sırasında olub. İki ölkənin biznes nümayəndələri arasında əməkdaşlığın artırılması, yeni investisiya imkanlarının araşdırılması və müxtəlif sənaye sahələrində birgə müəssisələrin yaradılması iqtisadi tərəfdaşlığın praktiki nəticələrinin daha da artmasına xidmət edəcək.

Prezident İlham Əliyevin səfəri çərçivəsində Özbəkistanın tarixi və mədəni irsinə xüsusi diqqət göstərilməsi də əlamətdar hadisələrdən idi. Azərbaycan Prezidenti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə birlikdə Daşkənddə yerləşən mühüm tarixi məkanları, o cümlədən “Müstəqillik” abidəsini, Heydər Əliyevin adını daşıyan küçəni və onun xatirəsinə yaradılmış memorial kompleksi ziyarət edib. Bu addımlar Özbəkistanda ümummilli lider Heydər Əliyevin irsinə göstərilən yüksək ehtiramın, eyni zamanda iki ölkə arasında mövcud dostluğun ifadəsidir.

Səfər proqramının digər mühüm hissəsini Özbəkistanın qədim və zəngin tarixə malik şəhərləri ilə tanışlıq təşkil edib. Xivə və Səmərqənd kimi şəhərlərin tarixi-mədəni irsi iki xalqın keçmişdən gələn ortaq dəyərlərini daha yaxından görməyə imkan verir. Xivədə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçan-Qala qoruğunun ziyarət olunması da səfərin mədəni əhəmiyyətini artırıb. Bununla yanaşı, sənaye müəssisələrinə baxış keçirilməsi Özbəkistanın iqtisadi imkanları və istehsal potensialı ilə tanışlıq baxımından əhəmiyyətli olub.

Azərbaycan və Özbəkistan arasında formalaşan müttəfiqlik münasibətləri artıq ikitərəfli çərçivəni aşaraq daha geniş regional məna daşıyır. Bakı ilə Daşkənd arasında qarşılıqlı fəaliyyətin güclənməsi Mərkəzi Asiya və Cənubi Qafqaz arasında iqtisadi, nəqliyyat və siyasi əlaqələrin inkişafına mühüm təsir göstərir. Eyni zamanda iki dövlətin fəal əməkdaşlığı Türk dünyasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri nəticəsində əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişafı üçün yeni perspektivlər açır. İqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsi, nəqliyyat bağlantılarının gücləndirilməsi, investisiya imkanlarının artırılması və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi iki ölkə arasında tərəfdaşlığın davamlı xarakter daşıdığını göstərir.

Bu gün Azərbaycan və Özbəkistan münasibətləri qarşılıqlı etimad, dostluq və strateji maraqlar əsasında daha da möhkəmlənir. Dövlət başçılarının siyasi iradəsi və xalqlarımız arasındakı tarixi yaxınlıq gələcəkdə yeni və daha böyük layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır. Bakı–Daşkənd əməkdaşlığının güclənməsi yalnız iki qardaş ölkənin deyil, bütövlükdə Türk dünyasının və regionun inkişafına mühüm töhfələr verəcək.

Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini