Azərbaycanla Özbəkistan arasında münasibətlər ortaq tarix, milli-mənəvi dəyərlər və qarşılıqlı etimad üzərində inkişaf edərək bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son illərdə siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi və humanitar münasibətlərin möhkəmlənməsi iki qardaş dövlət arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Prezident İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri də bu əlaqələrin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə olub.
Səfər zamanı Özbəkistanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə diqqət çəkilib. Ölkənin sənaye və kənd təsərrüfatının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr onun regional mövqeyini daha da gücləndirir.
Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi isə münasibətlərin siyasi və institusional bazasının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Görüşdə iki ölkə arasında əldə olunan nəticələr nəzərdən keçirilib, eyni zamanda qarşıdakı mərhələ üçün yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.
Azərbaycan–Özbəkistan tərəfdaşlığı artıq iqtisadiyyatın bir çox sahələrini əhatə edir. Energetika, nəqliyyat, investisiya, kənd təsərrüfatı, turizm, avtomobil sənayesi, dağ-mədən, emal və bank sektorunda həyata keçirilən layihələr əlaqələrin real və praktiki məzmununu ortaya qoyur. Qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfi də iki ölkənin iqtisadi potensialının kifayət qədər böyük olduğunu göstərir.
İnvestisiya əməkdaşlığı da ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir. Birgə müəssisələrin yaradılması, qarşılıqlı sərmayələrin artırılması və Azərbaycan və Özbəkistan şirkətlərinin bir-birinin bazarlarında fəaliyyət imkanlarının genişləndirilməsi iqtisadi əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Hər iki ölkənin iqtisadi inkişaf tempinin yüksəlməsi bu sahədə yeni layihələrin reallaşdırılması üçün geniş imkanlar açır.
Azərbaycan–Özbəkistan əlaqələrində mühüm və xüsusi yer tutan məsələlərdən biri də qardaş Özbəkistanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinin yenidən qurulmasında göstərdiyi dəstəkdir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşa olunması, Xankəndidə tikiş fabrikinə sərmayə yatırılması Özbəkistanın Böyük Qayıdış prosesinə verdiyi dəyərli töhfələr sırasındadır. Bu təşəbbüslər iki dövlət arasındakı münasibətlərin iqtisadi maraqlardan daha geniş məna daşıdığını, həmrəylik və qardaşlıq prinsiplərinə əsaslandığını nümayiş etdirir.
Əlaqələrin inkişafı yalnız paytaxtlarla məhdudlaşmır. Azərbaycan və Özbəkistanın müxtəlif regionları arasında birbaşa münasibətlərin genişləndirilməsi də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Regionlararası forumlar, şəhərlər və rayonlar arasında qurulan əlaqələr yeni iqtisadi təşəbbüslərin meydana çıxmasına və qarşılıqlı biznes imkanlarının artmasına zəmin yaradır.
İki ölkənin əməkdaşlığı regional baxımdan da böyük potensiala malikdir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin genişlənməsi fonunda Özbəkistanla sıx tərəfdaşlıq nəqliyyat və logistika, enerji və ticarət sahələrində yeni imkanlar formalaşdırır. Bakı ilə Daşkənd arasında qurulan güclü əməkdaşlıq Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafındakı rolunu daha da artırır.
Dövlət başçılarının səfər çərçivəsində yüksək dövlət təltifləri ilə qarşılıqlı təltif olunması da iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Prezident Şavkat Mirziyoyevin İlham Əliyevə “Dostluq” ordenini, Prezident İlham Əliyevin isə Özbəkistanın dövlət başçısına “Heydər Əliyev” ordenini təqdim etməsi qarşılıqlı hörmətin və siyasi etimadın mühüm ifadəsidir.
Daşkənddə yeni layihələrin təməlinin qoyulması və Azərbaycanla bağlı “Azərbaycan” parkının yaradılması təşəbbüsü də xalqlarımız arasındakı tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi baxımından əlamətdardır. Belə layihələr dövlətlərarası münasibətlərlə yanaşı, xalqlar arasında qarşılıqlı rəğbətin və dostluğun daha da güclənməsinə xidmət edir.
Qarşıdakı dövrdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da genişlənməsi üçün kifayət qədər imkan mövcuddur. Sənaye və kənd təsərrüfatı, energetika, nəqliyyat, investisiya, turizm və humanitar sahələrdə yeni layihələrin həyata keçirilməsi münasibətlərin inkişafında əsas istiqamətlərdən olacaq.
Ümumilikdə, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi ardıcıl siyasi dialoqun, qarşılıqlı etimadın və ortaq maraqların nəticəsidir. İki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq həm Azərbaycanın, həm də Özbəkistanın iqtisadi və siyasi imkanlarını genişləndirir. Eyni zamanda bu əməkdaşlıq Türk dünyasında birlik və həmrəyliyin möhkəmlənməsinə də mühüm töhfə verir.
Bakı və Daşkənd arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri gələcək üçün nikbin gözləntilər yaradır. Güclü siyasi iradə, ortaq tarixi-mədəni bağlar və geniş iqtisadi potensial iki qardaş ölkənin qarşıdakı illərdə daha böyük layihələrə və yeni uğurlara imza atacağına əsas verir.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri