Laçın Azərbaycan xalqının tarixində xüsusi yeri olan qədim yurdlarımızdandır. Zəngin tarixi, füsunkar təbiəti və strateji mövqeyi ilə seçilən bu bölgə bu gün işğalın ağrılarından deyil, azadlığın, quruculuğun və Böyük Qayıdışın yaratdığı yeni reallıqlardan bəhs edir.
26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması da məhz bu baxımdan böyük əhəmiyyət daşıyır. 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın uzun illər ərzində ağır dağıntılara məruz qaldı, sakinləri doğma yurdlarından didərgin düşdü. 2020-ci ildə Vətən müharibəsində əldə olunan Zəfər bu tarixi ədalətin bərpasına yol açdı. 1 dekabr 2020-ci ildə Laçın rayonu Azərbaycana qaytarıldı, 26 avqust 2022-ci ildə isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
Bu tarixdən etibarən Laçında genişmiqyaslı bərpa və quruculuq mərhələsi başladı. Yeni yaşayış məhəllələri, yollar, məktəblər, uşaq bağçaları, səhiyyə və sosial obyektlər yaradılır. Şəhərin müasir standartlar əsasında qurulması ilə yanaşı, onun təbii gözəlliklərinin və ekoloji xüsusiyyətlərinin qorunmasına da diqqət yetirilir.
Laçının gələcəyində uşaqların və ailələrin xüsusi yeri var. Zabux və Sus kəndlərində məktəbəqədər təhsil müəssisələrinin yaradılması doğma yurda qayıdan ailələrin rahatlığının təmin edilməsinə mühüm töhfə verir. Bir bağça rəhbəri kimi hesab edirəm ki, azad torpaqlarda hər yeni uşaq bağçasının açılması yalnız sosial layihə deyil, həm də gələcəyə qoyulan dəyərli sərmayədir. Bu müəssisələrdə böyüyən uşaqlar Laçının gələcəyini formalaşdıracaq yeni nəslin nümayəndələridir.
Rayonda enerji, su və nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdirilir. Yeni enerji layihələri, “Həkəriçay” su anbarının tikintisi, avtomobil yollarının və Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bölgənin iqtisadi və sosial imkanlarını genişləndirir. Aqro-sənaye, istehsal, arıçılıq və heyvandarlıq sahələrində yaradılan imkanlar isə məşğulluğun artmasına xidmət edir.
Bütün bu layihələrin əsas məqsədi Laçın sakinlərinin doğma torpaqlarında təhlükəsiz və firavan həyatını təmin etməkdir. 28 may 2023-cü ildən başlayan qayıdış prosesi Böyük Qayıdış tariximizin ən qürurlu səhifələrindəndir. Uzun illərdən sonra insanların öz evlərinə dönməsi Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.
Bu gün Laçın yeni həyatın və gələcəyə inamın ünvanıdır. Şəhərdə tikilən hər ev, məktəb və bağça Böyük Qayıdışın canlı nümunəsinə çevrilir. 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması da onun mədəni və turizm potensialının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verib.
26 Avqust – Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və xalqımızı təbrik edir, bu qədim yurdun bundan sonra da inkişaf edərək daha gözəl və firavan şəhərə çevriləcəyinə inamımı bildirirəm.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini