Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvana səfəri muxtar respublikanın gələcək inkişaf istiqamətlərini bir daha gündəmə gətirdi. Səfər zamanı hərbi, iqtisadi, nəqliyyat, enerji və sosial sahələr üzrə həyata keçirilən layihələr Naxçıvanın Azərbaycanın ümumi strateji inkişaf siyasətində xüsusi yer tutduğunu göstərdi.
Naxçıvanın coğrafi mövqeyi onun təhlükəsizlik və müdafiə məsələlərinə xüsusi yanaşmanı zəruri edir. Əlahiddə Ümumqoşun Ordusunun inkişaf etdirilməsi, hərbi hissələrin müasir texnika ilə təmin olunması və səfər zamanı Döyüş bayraqlarının təqdim edilməsi bu istiqamətdə dövlət siyasətinin davamlı olduğunu nümayiş etdirir.
Muxtar respublikanın gələcəyində nəqliyyat-kommunikasiya layihələri də mühüm rol oynayacaq. Zəngəzur istiqamətində bağlantının yaradılması Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirməklə yanaşı, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarında əhəmiyyətini artıra bilər. Bu baxımdan Naxçıvanın regional logistika qovşağına çevrilməsi üçün yeni imkanlar yaranır.
Enerji sahəsində də qarşıya böyük hədəflər qoyulur. Naxçıvanda mövcud generasiya imkanlarının genişləndirilməsi, yeni istilik elektrik stansiyasının və bərpa olunan enerji layihələrinin həyata keçirilməsi muxtar respublikanın gələcəkdə enerji ixracında daha fəal rol oynamasına şərait yarada bilər. Zəngəzur istiqamətində elektrik bağlantısının yaradılması isə bu perspektivi daha da gücləndirir.
İqtisadi və sosial inkişaf da diqqət mərkəzindədir. Naxçıvan Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin və iş yerlərinin formalaşması üçün imkanlar açır. Bununla yanaşı, sosial evlər kompleksinin, DOST Mərkəzinin və yeni mehmanxana kompleksinin istifadəyə verilməsi və təməlinin qoyulması şəhərin sosial və iqtisadi potensialının artırılmasına xidmət edir.
Naxçıvanın tarixi-mədəni irsinin qorunması da bu inkişaf prosesinin mühüm hissəsidir. Möminə xatun məqbərəsinin bərpası və Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması milli-mənəvi dəyərlərə verilən önəmin göstəricilərindəndir.
İdarəetmə sahəsində aparılan islahatlar isə Naxçıvanın ölkənin digər inkişaf edən regionları ilə daha sıx inteqrasiyasına xidmət edir. Eyni zamanda, muxtar respublikanın statusunun qorunması şərti ilə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Səfərdən sonra Naxçıvanın sosial-iqtisadi inkişafı üçün 258 milyon manat vəsait ayrılması ilə bağlı sərəncamın imzalanması isə bu siyasətin praktiki davamıdır. Vəsait enerji, yol, nəqliyyat, təhsil və abadlıq layihələrinin həyata keçirilməsinə yönəldiləcək.
Beləliklə, Naxçıvan qarşıdakı mərhələdə yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, həm də mühüm nəqliyyat, enerji və sənaye imkanlarına malik regional mərkəz kimi inkişaf etmək üçün geniş potensiala sahibdir. Dövlətin həyata keçirdiyi layihələr və yeni investisiyalar bu qədim diyarın strateji əhəmiyyətini daha da artırır.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini