26 İyun – Silahlı Qüvvələr Günü hər il ölkəmizdə böyük təntənə və qürur hissi ilə qeyd olunur. Son illərdə bu əlamətdar gün fərqli bir ruhda qarşılanır. Çünki Azərbaycan Ordusu artıq qalib ordudur. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirərək xalqımıza möhtəşəm Zəfər bəxş etdi. Bu gün Azərbaycan xalqı cəsur əsgər və zabitlərimizin qəhrəmanlığı, eləcə də Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində qalib xalq kimi başıuca yaşayır. Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusunun müasir standartlara cavab verməsi, yüksək hərbi-texniki imkanlara və döyüş hazırlığına malik olması əldə olunan uğurlarla öz təsdiqini tapır:
“Bu gün dövlətimizin prioritet istiqamətlərindən biri Ordunun kadr potensialının gücləndirilməsi, şəxsi heyətin bilik və bacarıqlarının artırılması, döyüş ruhunun yüksəldilməsi, həmçinin hərbçilərin sosial rifahının təmin edilməsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək bu istiqamətdə mühüm addımlar atır və Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da möhkəmləndirilir”.
A. Əliyev vurğulayıb ki, Qafqazın ən güclü ordularından biri olan Azərbaycan Silahlı Qüvvələri hər zaman regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edib:
“1990-cı illərin ortalarından etibarən Azərbaycanın NATO ilə qurduğu səmərəli əməkdaşlıq da məhz Ordumuzun inkişafına xidmət edib. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan 1994-cü ildə NATO-nun ‘Sülh naminə tərəfdaşlıq’ proqramına qoşulub. Daha sonra Ordumuz 1996-cı ildə ‘Planlaşdırma və Analiz Prosesi’, 2001-ci ildə isə ‘Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı’ proqramlarına daxil olub. Bu əməkdaşlıq çərçivəsində hər il minlərlə Azərbaycan hərbçisi beynəlxalq təlimlərdə və proqramlarda iştirak edərək müasir hərbi bilik və bacarıqlara yiyələnir. Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak edən Azərbaycan Ordusu beynəlxalq təcrübəsini artıraraq nüfuzunu daha da möhkəmləndirib”.
YAP Abşeron rayon təşkilatının sədri bildirib ki, Ordumuzun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə uğurla həyata keçirilən Günnüt əməliyyatı Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək əzmini və gücünü nümayiş etdirirdi: “Məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Beləliklə, uzun illər ərzində torpaqlarımızda mövcud olmuş separatizmə birdəfəlik son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin qanı və canı bahasına Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etdi”.
A. Əliyev qeyd edib ki, bu tarixi Zəfər qəhrəman hərbçilərimizin, şəhidlərimizin və qazilərimizin misilsiz fədakarlığı sayəsində əldə olunub:“Dövlətimiz tərəfindən hərbçilərimiz orden və medallarla təltif edilir, şəhid ailələri və qazilər daim diqqət və qayğı ilə əhatə olunur. Postmüharibə dövründə Azərbaycan Ordusu inkişafının yeni mərhələsinə qədəm qoyub. Dünyanın ən güclü orduları sırasında yer alan Silahlı Qüvvələrimizin yeni dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İkinci Qarabağ müharibəsindən sonra Ordu quruculuğu daha geniş vüsət alıb, hərbi infrastruktur yenilənir, yeni texnologiyalar tətbiq olunur və şəxsi heyətin hazırlığı daha da gücləndirilir.
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Onların təhlükəsiz, firavan və davamlı yaşayışının təminatçısı güclü Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Onun rəhbərliyi altında formalaşmış qalib Azərbaycan Ordusudur”.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri