HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Bir gün, iki paytaxt, iki orden – Səfir Hüseyn Quliyevin tarixi diplomatik missiyasının zirvəsi

Emin Əliyev

Emin Əliyev

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi...

Profili Göstər
Bir gün, iki paytaxt, iki orden – Səfir Hüseyn Quliyevin tarixi diplomatik missiyasının zirvəsi
Bir gün, iki paytaxt, iki orden – Səfir Hüseyn Quliyevin tarixi diplomatik missiyasının zirvəsi

Diplomatiya tarixində elə nadir günlər olur ki, onlar təkcə bir şəxsin yox, bütöv bir dövlətin diplomatik məktəbinin zəfəri kimi yadda qalır. 22 iyun 2026-cı il məhz belə bir tarixdir. Bu gün Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Rzaqulu oğlu Quliyev eyni gündə iki paytaxtdan – Daşkənddən və Bakıdan – iki ali ordenlə təltif olundu. Bu unikal hadisə təkcə bir diplomatın şəxsi uğuru deyil, həm də Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə qazandığı yüksək etimadın təcəssümüdür.

Səhər saatlarında Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diplomatik missiyasını başa vuran səfir Hüseyn Quliyevi vida görüşü üçün qəbul etdi. Bu, sıradan bir protokol görüşü deyildi – bu, son illərdə iki qardaş ölkə arasında münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik zirvəsinə daşıyan titanik fəaliyyətin hesabat anı idi. Prezident Mirziyoyev səfirin fəaliyyətini "səmərəli" adlandırmaqla kifayətlənmədi, onun şəxsi töhfəsini xüsusi vurğuladı. Bu sözlərin arxasında konkret, əllə tutulası nəticələr dayanır: qarşılıqlı ticarət dövriyyəsi dəfələrlə artmış, Özbəkistanda Azərbaycan kapitalı ilə 280 yeni müəssisə yaradılmış, Birgə İnvestisiya Şirkəti təsis edilmişdi. Geologiyadan əczaçılığa, kənd təsərrüfatından şəhərsalmaya, tekstildən nəqliyyata qədər ən müxtəlif sahələrdə kooperasiya layihələri artıq aktiv fazaya keçmişdi. Bütün bunlar Hüseyn Quliyevin rəhbərlik etdiyi diplomatik missiyanın iqtisadi diplomatiyaya gətirdiyi yeni nəfəsin, konkret işə köklənmiş peşəkarlığın bariz göstəricisi idi. Mədəni-humanitar mübadilə sahəsində də mühüm proqramların reallaşması məhz onun səfirliyi dövrünə təsadüf edir. Görüşün kuliminasiya nöqtəsi isə Prezident Mirziyoyevin Hüseyn Quliyevə Özbəkistan Respublikasının ən yüksək mükafatlarından biri olan "Mehnat şuhrati" – Əmək Şöhrəti ordenini şəxsən təqdim etməsi oldu. Bu, qardaş ölkənin xarici diploma verdiyi ən böyük dəyər nişanəsi, səfirin Daşkənddə qoyub getdiyi izin ən mötəbər təsdiqi idi.

Lakin tale elə gətirdi ki, həmin günün axşamına doğru minlərlə kilometr uzaqlıqda, Xəzərin qərb sahilində yerləşən Bakı şəhərində daha bir tarixi sənəd imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara aldı: "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli 'Vətənə xidmətə görə' ordeni ilə təltif edilsin." Bu orden Azərbaycan dövlətinin öz vətəndaşına verə biləcəyi ən ali mükafatlardan biridir. Onun məhz diplomatik xidmətdə uzunmüddətli səmərəli fəaliyyətə görə verilməsi isə Hüseyn Quliyevin karyerası boyunca qazandığı etimadın məntiqi zirvəsi, dövlət başçısının ona olan inamının ən yüksək ifadəsidir. Eyni gündə, eyni şəxsə, iki qardaş ölkənin ən yüksək məqamlarından gələn bu iki orden heyrətamiz bir simmetriya yaratdı.

Bu unikal hadisə bir neçə mühüm həqiqəti göz önünə sərir. Birincisi, bu, Azərbaycan diplomatiya məktəbinin peşəkarlıq səviyyəsinin beynəlxalq aləmdə etirafıdır. Hüseyn Quliyevin səfirliyi müasir iqtisadi diplomatiyanın dərslik nümunəsinə çevrildi. O, sadəcə siyasi dialoqu deyil, iqtisadi inteqrasiyanı, mədəni yaxınlaşmanı və ən əsası, qardaş xalqlar arasında etimad mühitini maksimum səviyyədə möhkəmləndirə bildi. İkincisi, bu, Azərbaycanla Özbəkistan arasında münasibətlərin dərinliyini göstərir. İki dövlət başçısının eyni gündə eyni şəxsi ən yüksək ordenlərlə təltif etməsi heç də təsadüf deyil – bu, strateji müttəfiqliyin, ortaq tarixə və ortaq gələcəyə bağlılığın simvolik təcəssümüdür. Üçüncüsü, bu hadisə gənc diplomatlar üçün canlı bir mesajdır: Vətənə sədaqətlə, yüksək peşəkarlıqla və yorulmaz əməklə çalışan diplomat həm öz dövlətindən, həm də xidmət etdiyi ölkədən ən yüksək qiyməti ala bilər.

Hüseyn Quliyev vida görüşündə təşəkkür nitqi söyləyərkən bu yüksək mükafatın təkcə onun şəxsi nailiyyəti deyil, bütün həmkarları ilə birgə əməyinin bəhrəsi olduğunu bildirdi. Bu təvazökarlıq əsl diplomat obrazının ayrılmaz cizgisidir. Lakin ordenlərin dili daha bəlağətli və tutarlıdır: onlar danışanda sözlər susur. Səfir Quliyev bu gün Daşkənddən sinəsində iki ordenlə – qardaş Özbəkistanın "Mehnat şuhrati" və doğma Azərbaycanın ən ali mükafatı olan 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə Vətənə qayıdır. O, arxada strateji müttəfiqliyin möhkəm təməlini, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin işlək modelini qoyub gedir. 22 iyun 2026-cı il tarixi Azərbaycan diplomatiyasının salnaməsinə qızıl hərflərlə həkk olundu. Və bu tarixin baş qəhrəmanı olan Hüseyn Rzaqulu oğlu Quliyev sübut etdi ki, əsl diplomat üçün ən böyük missiya – həm doğma Vətəninin, həm də qardaş ölkənin eyni dərəcədə dərin etimadını qazanmaqdır.