HABERLER.AZ - Ən Güncel Xəbərlər
Köşə Yazısı

Beş ilin zirvəsindən baxış: Şuşa Bəyannaməsinin nəticələri

Ulvi Salmanov

Ulvi Salmanov

YAP Abşeron bölge teşkilatının başkan yardımcısı...

Profili Göstər
Beş ilin zirvəsindən baxış: Şuşa Bəyannaməsinin nəticələri
Beş ilin zirvəsindən baxış: Şuşa Bəyannaməsinin nəticələri

 

Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dilə və milli-mənəvi dəyərlərə söykənən qardaşlıq əlaqələri əsasında formalaşıb. Bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu tarixi sənəd iki qardaş ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını müəyyənləşdirib.

Şuşa Bəyannaməsi siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, müdafiə sənayesi, hərbi əməkdaşlıq, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsini nəzərdə tutur. Sənəd həmçinin regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına, qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Bəyannamənin imzalanması Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionda geosiyasi reallıqların formalaşmasına da mühüm təsir göstərib. Son illər ərzində iki ölkə arasında siyasi, iqtisadi və hərbi əməkdaşlıq daha da genişlənib, strateji tərəfdaşlıq real nəticələrlə müşayiət olunub. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin milli maraqlarını daim dəstəkləyərək regional və qlobal məsələlərdə vahid mövqedən çıxış edirlər.

Şuşa Bəyannaməsi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində də mühüm rol oynayır. Türkiyə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə fəal iştirakı bölgənin sosial-iqtisadi inkişafına, yeni infrastrukturun qurulmasına və investisiya mühitinin yaxşılaşmasına töhfə verir. Bu əməkdaşlıq regionun iqtisadi potensialının reallaşdırılmasına və yeni inkişaf imkanlarının yaranmasına şərait yaradır.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da Bəyannamənin əsas istiqamətlərindən biridir. Azərbaycan və Türkiyə Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir, Orta Dəhlizin imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərirlər. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun iqtisadi inkişafına mühüm töhfə verir.

Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq Şuşa Bəyannaməsinin strateji əhəmiyyətini daha da artırır. Birgə hərbi təlimlərin keçirilməsi, müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi hər iki ölkənin müdafiə qabiliyyətinin möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm amillərdən biridir.

Şuşa Bəyannaməsinin ideoloji əsasını xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları təşkil edir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri məhz həmin dəyərlər üzərində inkişaf edərək daha da möhkəmlənir.

2026-cı ildə Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ildönümü qeyd olunur. Ötən müddət ərzində sənəddə nəzərdə tutulan müddəaların uğurla həyata keçirilməsi onun tarixi əhəmiyyətini bir daha təsdiqləyib. Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının, strateji müttəfiqliyinin və Türk dünyasının həmrəyliyinin ən mühüm siyasi sənədlərindən biri kimi öz aktuallığını qoruyub saxlayır. İki qardaş ölkə arasında əməkdaşlığın gələcək inkişafı da məhz bu möhkəm təməl üzərində qurulacaq.

Ülvi Salmanov

YAP Abşeron rayon təşkilatının sədr müavini