15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin mühüm mərhələsinin, bu günkü inkişaf etmiş, müstəqil və güclü dövlət anlayışının bərqərar olduğu dövrün başlanğıcı hesab edilir. Bu mənada Milli Qurtuluş Günü müasir tariximizin qürur səhifəsi kimi qiymətləndirilir. Məhz 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan yox olmaqdan xilas oldu. Ölkəmiz yenidən öz müstəqilliyini itirmək təhlükəsindən qurtuldu.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkə məhv olmaq təhlükəsi ilə yanaşı, dərin ictimai-siyasi və iqtisadi böhran məngənəsindən də xilas oldu. Beləliklə, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu baxımdan, 15 iyun tarixinin əhəmiyyətini nəzərə alaraq, 1997-ci ildə Milli Məclis tərəfindən onun Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edildi.
Sözsüz ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi ilə yanaşı, ölkə daxilində siyasi böhran və xaos hökm sürürdü. Dövlətçilik anlayışından uzaq qüvvələrin hakimiyyətdə olması Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdu. Ağır və acınacaqlı olan bu dövr 1993-cü ilin iyun ayında öz kulminasiya nöqtəsinə çatmışdı. AXC-Müsavat cütlüyünün səriştəsizliyi, hakimiyyət uğrunda mübarizə və ölkənin ayrı-ayrı silahlı qrupların əlində oyuncağa çevrilməsi xalqımızın sabaha olan inamını sarsıtmışdı. Sadə vətəndaşlar normal yaşayış hüququndan məhrum olmuş, fundamental hüquq və azadlıqlar ayaqlar altına atılmışdı.
Yenicə müstəqilliyini qazanmış bir ölkəni bu ağır və xaotik vəziyyətdən xilas edə biləcək yeganə şəxs zəngin dövlətçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və 15 iyun 1993-cü ildə Azərbaycan Parlamentinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ölkə müstəqilliyinin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Ümummilli Lider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu. Beləliklə, ölkəmizdə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu.
Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz və gərgin fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun uğurla həyata keçirilməsi məhz Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının parlaq təzahürü idi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qədim İpək Yolunun bərpası, Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum neft-qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ulu Öndər Heydər Əliyev dühasının nəticəsi olaraq Azərbaycan məhv olmaq təhlükəsindən xilas edildi, müstəqilliyimiz daimi, əbədi, sarsılmaz və dönməz xarakter aldı.
Ülvi Salmanov
YAP Abşeron rayon təşkilatının sədr müavini