Azərbaycanın qlobal enerji və nəqliyyat sistemindəki rolu ildən-ilə daha da güclənir. Son illərdə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və infrastruktur layihələri Azərbaycanın yalnız regional deyil, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Bu baxımdan 2026-cı il iyunun 1-də Bakıda işə başlayan Bakı Enerji Həftəsi bir daha ölkəmizin enerji diplomatiyasının və beynəlxalq əməkdaşlıq imkanlarının nümayiş olunduğu mühüm platforma kimi diqqət mərkəzində olmuşdur.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji siyasətinin əsas istiqamətləri, yaşıl enerji keçidi və regional əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat vermişdir. Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayaraq, ölkəmizin artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Bu mərhələnin əsas prioritetlərindən biri bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və yaşıl enerji istehsalının genişləndirilməsidir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın tranzit imkanları və Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının strateji əhəmiyyəti olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan Xəzər dənizinin şərqində yerləşən dost və tərəfdaş ölkələr üçün mühüm tranzit imkanları yaradır. Bu yanaşma ölkəmizin regionda iqtisadi inteqrasiyanın gücləndirilməsinə və yeni əməkdaşlıq platformalarının formalaşmasına verdiyi töhfənin göstəricisidir.
Bu gün Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələr öz enerji resurslarının və digər məhsullarının dünya bazarlarına çıxarılması üçün etibarlı marşrutlara ehtiyac duyurlar. Azərbaycan isə müasir nəqliyyat infrastrukturu, inkişaf etmiş logistika imkanları və əlverişli coğrafi mövqeyi sayəsində bu prosesdə əsas əlaqələndirici mərkəz kimi çıxış edir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti, yenilənmiş dəmir yolu infrastrukturu və Xəzər hövzəsinin ən böyük mülki donanması ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bu imkanlar sayəsində Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas iştirakçısına çevrilərək Asiya ilə Avropa arasında etibarlı körpü rolunu uğurla yerinə yetirir.
Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq artıq yalnız neft və qaz sahəsi ilə məhdudlaşmır. Hazırda yaşıl enerji istiqamətində də yeni təşəbbüslər həyata keçirilir. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə yüksəkgərginlikli elektrik kabelinin çəkilməsi layihəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Layihə gələcəkdə Mərkəzi Asiyanın zəngin yaşıl enerji potensialının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılmasına imkan yaradacaq.
Bütün bunlar göstərir ki, Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional əməkdaşlığın, enerji təhlükəsizliyinin və qlobal logistika əlaqələrinin formalaşmasında aparıcı rol oynayan dövlətdir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsində səsləndirdiyi fikirlər ölkəmizin strateji baxışını, milli maraqlara əsaslanan siyasətini və gələcəyə yönəlmiş inkişaf modelini bir daha nümayiş etdirmişdir.
Azərbaycanın təqdim etdiyi geniş tranzit imkanları və enerji layihələri Xəzəri ayırıcı sərhəd deyil, əməkdaşlıq və tərəfdaşlıq məkanına çevirir. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionun davamlı inkişafına və ümumi rifahına da mühüm töhfələr verir.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri