Sumqayıtda avtobuslar “qeybə” çəkildi: bu saatlarda sərnişinlər yollarda qalır | HABERLER.AZ

Sumqayıtda avtobuslar “qeybə” çəkildi: bu saatlarda sərnişinlər yollarda qalır

05 November 2025 17 Baxış Gündəm

Sumqayıt sakinləri axşam saatlarında ictimai nəqliyyatdan istifadə edə bilmədiklərindən şikayətlənirlər. Onların sözlərinə görə, şəhərdə saat 22:00-dan sonra avtobus tapmaq demək olar ki, mümkünsüzdür.
Şəhər sakinlərindən biri bildirir ki, artıq bir saata yaxındır dayanacaqda avtobus gözləyirlər, lakin heç bir marşrut xətti fəaliyyət göstərmir:
“Gecə saatlarında, əsasən 9-dan sonra avtobuslar işləmirlər. Elə adam var işdən çıxır, ya da gec növbəyə gedir, amma həmin vaxtlarda nəqliyyat tapmaq olmur. Məsələn, 11 olmamış 7 nömrəli avtobuslar yoxa çıxır. Sürücülər ‘depoya gedirik’ deyib saxlamırlar.”
Digər sərnişin isə əlavə edir ki, bəzi sürücülər dayanacaqlarda saxlamır, sərnişinləri düşürür, amma yeni minənləri qəbul etmirlər:
“Beş nömrəli avtobusu tez-tez istifadə edirəm. Gecələr bəzən 100 metr qabaqda saxlayır, amma dayanacaqda dayanmır. Belə hallarla tez-tez rastlaşıram.”

Bu şikayətlərdən sonra AZTV Xəbər çəkiliş qrupu məsələyə aydınlıq gətirmək üçün Sumqayıt şəhər avtobus deposuna üz tutub. Görüntülərdə aydın olur ki, artıq axşam saatlarında bir çox avtobuslar xətdən çıxarılaraq depoya gətirilir. Nəticədə ictimai nəqliyyatın işləməli olduğu vaxtlarda sərnişinlər dayanacaqlarda avtobus tapa bilmirlər.
Məsələ ilə bağlı “Ayna” MMC ilə əlaqə saxlanılıb. Qurumdan verilən məlumata görə, Sumqayıt şəhərində avtobus marşrutlarının iş saatı sərnişin tələbatına uyğun olaraq səhər saat 05:30-dan başlayır, bəzi marşrutlarda 22:00-23:00-a, digərlərində isə gecə 00:00-a qədər davam edir.
Qurumdan əlavə edilib ki, avtobuslar təsdiq edilmiş hərəkət sxemi və qrafik üzrə fəaliyyət göstərir, həmçinin dayanacaqlarda saxlamaları ilə bağlı mütəmadi olaraq reydlər keçirilir və daşıyıcılarla maarifləndirici işlər aparılır.
Buna baxmayaraq, şəhər sakinləri bildirirlər ki, bu nəzarət tədbirləri real nəticə vermir — bəzi hallarda avtobusların hərəkət qrafikinə elə sürücülərin özləri qərar verir.
Hazırda Sumqayıtda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət standartlarına uyğunlaşdırılması istiqamətində işlərin davam etdiyi açıqlanır. Lakin sakinlərin dediyinə görə, bu proses hələ ki, praktik nəticə verməyib və axşam saatlarında marşrut tapmaq çətin olaraq qalır.
Vüqarış, Nemət Məmmədov, Kamran Sodiyev, Natiq Çıraqzadə,
AZTV Xəbər

Videolar Qalereyasına Qayıt